Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sabiq prezidenti Serj Sarkisyana qarşı külli miqdarda rüşvət almaq ittihamı irəli sürüb.
Bu barədə sözügedən komitədən verilən açıqlamada bildirilib.
Həmçinin qeyd olunub ki, məsələ aydınlaşdırılana qədər Sarkisyan ölkəni tərk edə bilməz.
Bir müddət əvvəl sabiq prezidentin vəkili bildirmişdi ki, sahibkar xanım Silva Hambardzumyanın Sarkisyana rüşvət verməsi ilə bağlı ittihamlar səsləndirilir. Hambardzumyan 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bəyan edib.
Hambardzumyan əvvəlcə Sarkisyana rüşvət vermədiyini və onunla münasibətlərinin olmadığını iddia etsə də, hazırda verdiyi ifadədə tam əksi qeyd olunub.
Bu il iyunun 30-da isə Sarkisyanın qardaşı oğlu da adam qaçırmaqda, silahların, narkotiklərin qanunsuz dövriyyəsində ittiham edilərək 5, 5 il müddətinə həbs olunmuşdu