Almaniyada aparılan sosial sorğunun nəticəsi göstərib ki, əhalinin 44 faizi peyvəndin zorla tətbiq olunmasını dəstəkləyir.
“YouGov” İctimai Araşdırmalar Şirkətinin apardığı sorğuda iştirak edənlərin 24 faizi isə düşünür ki, peyvənd ancaq tibb işçiləri kimi müəyyən olunmuş qruplara məcburi olmalıdır.
Peyvəndin məcburi olmasının əleyhinə olanlar isə sorğuda ümumi iştirak edənlərin 27 faizi olub.
Sorğu nəticələri göstərir ki, peyvəndin məcburi olmasını dəstəkləyənlərin faizində artım var. Belə ki, 2020-ci ildə peyvənd yeni tətbiq olunmağa başlayanda keçirilən sorğularda peyvəndin məcburi olmasının əleyhinə olanlar sorğuda iştirak edənlərin 56 faizi idi. 33 faizi isə məcburiyyəti dəstəkləyirdi.
Sorğuda ümumilikdə 2 min 91 nəfər iştirak edib.
Son sutkada Almaniyada COVID-19 infeksiyasına 50 196 təsdiq edilmiş yoluxma halı qeydə alınıb, bu isə pandemiya baş qaldırandan indiyədək yeni maksimum göstəricidir.
Gün ərzində 235 nəfər koronavirus xəstəsi ölüb. Bununla da, pandemiya dövründə bu səbəbdən ölənlərin sayı 97 198 nəfərə çatıb.
Ötən həftə Almaniyanın səhiyyə naziri vəzifəsini icra edən Yens Şpan Almaniyanın pandemiyanın 4-cü dalğası ilə üzləşəcəyini və bunun “peyvənd olunmamışların pandemiyası” olacağını bildirmişdi. Almaniya kansleri vəzifələrinin icraçısı Angela Merkel koronavirusa yoluxmada artımın qarşısını almaq üçün peyvəndləmə templərinin kifayət qədər yüksək olmadığını bildirib.
Onun sözlərinə görə, ölkədə peyvəndləmə səviyyəsi 75 faizdən aşağıdır.