Əfqanıstanda hakimiyyəti ələ alan Taliban silahlıları qız şagirdlərin məktəblərə geri dönməsi ilə bağlı iş aparıldığını, yaxın günlərdə bununla bağlı müsbət xəbərlərin olacağını açıqlayıb.
Talibanın təhsil məsələləri ilə bağlı nümayəndəsi Vəhədullah Həşimi bütün layihələrin dayandırıldığı ölkədə böyük iqtisadi dəstəyə ehtiyac olduğunu deyir.
“İnşallah bütün ölkə üçün yaxşı xəbərlərimiz olacaq. Dini alimlərimiz bunun üzərində işləyirlər. Oğlan və qız şagirdlərə təhsil vermək istəyirik və verəcəyik”, - deyə o, əlavə edib.
Həşimi bildirib ki, heç bir qadın müəllim işdən çıxarılmayıb: “Bunun özü də qadınlarla bağlı məsələlərə pozitiv baxdığımızın göstəricisidir. Onlar məktəblərimizdən və universitetlərimizdən silməyi düşünmürük”, - deyə Həşimi bildirib.
Avqustda hakimiyyəti ələ keçirən Taliban silahlıları sentyabrda oğlan şagirdlərin məktəblərə geri dönməsinə icazə verib, ancaq qızların təhlükəsizlik səbəbləri ilə evlərində qalmalı olduqlarını bildirib.
Taliban 1996-2001-ci illərdə hakimiyyətdə olanda qadınları maaşlı işlərdən azad etmiş, qızlara təhsil almaq icazəsi verməmişdi. Amerikanın Əfqanıstana müdaxiləsi ilə bu problem öz həllini tapmışdı.