Taliban silahlıları paytaxt Kabilə daxil olduqdan və avqustun 15-də ölkəni ələ keçirdikdən sonra “öz təhlükəsizlikləri üçün” qızlara və gənc qadınlara məktəbdən uzaq durmağı və evdə qalmağı əmr ediblər.
Taliban hələ də bu qadağanın müvəqqəti olduğunu deyir. Amma heç bir irəliləyişin olmadığını görən Əfqan diasporasından bir müəllim bununla bağlı addım atmaq qərarına gəlib.
Onlayn məktəb quran Angela Qayur bir neçə həftə ərzində minə yaxın şagirdi qeydiyyatdan keçirib və 400-dən çox könüllü müəllimdən ərizə qəbul edib.
Xəbərdəki uşaqların adları təhlükəsizlik baxımından dəyişdirilib.
Taliban 7 yaşından yuxarı qızların məktəbə getməsini qadağan etdikdən sonra Nəsrin və onun dörd bacısı təhsillərini Kabildəki evlərində davam etdirmək üçün əllərindən gələni edirlər.
Amma 13 yaşlı Nəsrin universitetdə tibb və mühəndislik təhsili alan iki böyük bacısının vəziyyətinin çox ağır olduğunu deyir.
"Bütün arzularımız puç oldu. Məktəblər yenidən açılsa da, heç nə əvvəlki kimi olmayacaq. Mən pilot olmaq istəyirdim. İndi bu, mümkün deyil. Taliban heç vaxt qızların pilot olmasına icazə verməyəcək", deyə Nəsrin bildirib.
Ancaq son bir neçə həftədə onlayn təhsil imkanlarının ortaya çıxması ilə Nəsrin və onun bacıları üçün bir ümid işığı yaranıb.
Xaricdə yaşayan təcrübəli əfqan müəllim tərəfindən yaradılmış “Onlayn Herat Məktəbi” minə yaxın təhsil ala bilməyən qız və gənc qadına kömək edir.
Angela Qayur Nəsrin və ailəsinin Kabildəki evindən uzaqda, İngiltərənin cənub sahilində yaşayır.
İmmiqrasiya və təhsil
Angela Əfqanıstanın qərbində, Heratda anadan olub. Cəmi səkkiz yaşında ikən vətəndaş müharibəsi səbəbindən ailəsi ilə birlikdə İrana gedib.
Müharibə dörd il davam edib və 1996-cı ildə Talibanın hakimiyyəti ələ keçirməsi ilə yekunlaşıb. Qaçqın uşaq kimi Anjela təhsilin nə demək olduğunu bildiyini deyir:
"Müvəqqəti vizamız olduğundan məktəbə gedə bilmədim. O zaman İrana qaçan və lazımi sənədləri olmadığı üçün məktəbə gedə bilməyən əfqan uşaqlar arasında bu, kifayət qədər yaygın idi".
Atası İranda beş ildən sonra sənədləri tamamlayıb və Angela təhsil almaq hüququ qazanıb. Ancaq hələ 13 yaşındaykən də o, müəllimlik etmək istədiyini bilirdi.
Hər gün məktəbdən qayıdanda təhsil ala bilməyən daha 14 əfqan uşağa dərs deyirdi.
Orta məktəb müəllimi oldu
İllər sonra Əfqanıstana qayıdan Angela orta məktəb müəllimi olub, lakin sonra Hollandiyaya, oradan da İngiltərəyə köçüb.
[caption id="attachment_110725" align="alignnone" width="976"]
Kabildə Taliban hökumətinə qarşı qadın hüquqları yürüşü zamanı etirazçı ağlayır[/caption]
Son bir neçə ayda diasporadakı digər əfqanlar kimi, Angela da ölkəsindəki hadisələri izləyərkən şok olduğunu deyir.
Lakin Angela vurğulayır ki, onu ən çox təsirləndirən Talibanın qızların məktəbə getməsinə qadağa qoyması olub.
Müəllim və qızların, qadınların hüquqlarının müdafiəçisi kimi Angela nəsə etməli olduğunu hiss edirdi.
[caption id="attachment_110726" align="alignnone" width="976"]
Taliban Əfqanıstanı ələ keçirməzdən əvvəl əfqan qızlar məktəbdə əl qaldırırlar[/caption]
Bundan sonra o, təhsil hüquqlarından məhrum edilmiş əfqan qız və qadınlar üçün “Onlayn Herat Məktəbi” yaradıb.
"Silah deyil, qələm"
"Düşünürəm ki, bu məktəb mənim keçirdiyim bütün ağrı və təcrübələrin nəticəsidir. Biz "silah deyil, qələm" ifadəsini qəbul edirik", o deyir.
İnstaqramda paylaşdığı mesajla təcrübəli müəllimlərdən kömək istəyəndə 400-dən çox müəllim könüllü olub. Telegram və Skype üzərindən 170 müxtəlif onlayn dərslərdə riyaziyyatdan rəssamlığa qədər bir çox dərslər təklif olunur.
"Müəllimlərin əksəriyyəti İrandandır. Onlar gündə 2-8 saat arasında işləyirlər və yemək bişirməkdən rəssamlığa qədər bir çox sahədə dəstək verirlər" deyə Angela söyləyib.
Nəsrin təhsil alan minə yaxın şagird arasındadır.
Nəsrin üçün bu məktəbə yazılmaq onun arzularını həyata keçirməyə yenidən ümid verib.
[caption id="attachment_110727" align="alignnone" width="976"]
Ancela Qayur[/caption]
Könüllü müəllimdən türk dili dərsləri də alan Nəsrin bir gün İstanbulda yaşamağı xəyal etdiyini deyir.
Son həftələr Əfqanıstanın şimalındakı şagirdlər üçün bəzi müsbət irəliləyişlər olub.
Ölkənin 34 vilayətindən beşində qızlar orta məktəbə qayıtmağa başlayır.
Dövlət universitetlərində olmasa da, özəl universitetlərdəki gənc qadınların da təhsilə qayıtmasına icazə verilib.
Bununla belə, ölkənin əksər hissəsində olduğu kimi Kabildə yaşayan Nəsrin və bacıları üçün təhsil qadağası hələ də davam edir.
Nəsrinin anası kimi qadın müəllimlərə də Taliban tərəfindən evdə qalma əmri verilib və onların nə vaxt işə qayıdacaqları ilə bağlı heç bir plan yoxdur.
Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə, təkcə Kabildə ixtisaslı müəllimlərin 70 faizi qadınlardır. Bu onu göstərir ki, məktəbə getmələrinə icazə verilən oğlanlar üçün də müəllim çatışmazlığı var.
Talibanın yüksəlişindən xeyli əvvəl də Əfqanıstanda təhsillə bağlı problemlər mövcud idi. Təhsil Nazirliyinin 2019-cu il hesablamalarına görə, ölkədə yaşı 15-dən yuxarı olanların üçdə birindən çoxunun təhsili yoxdur.
Əksər qızların məktəbə getməsinə icazə verilmədiyi üçün bu rəqəmin artacağı gözlənilir.
Fotolar: Derrik Evans