12 Noyabr 2021
Mətni dəyiş
Bu ilin sonuna qədər Əfqanıstanda 3,2 milyona yaxın uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi və onlardan 1 milyonunun temperaturun aşağı düşməsi nəticəsində ölmək riski ilə üzləşəcəyi gözlənilir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü cümə günü bildirib.
Avqust ayında Talibanın hakimiyyəti ələ keçirməsindən sonra Qərbin maliyyə dəstəyini geri çəkməsinin ardınca quraqlığın iflasa uğrayan iqtisadiyyatla üst-üstə düşməsi ilə əlaqədar humanitar yardım agentlikləri aclıq barədə xəbərdarlıq edib. Maaşlarını ala bilməyən tibb işçilərinin işdən çıxması nəticəsində səhiyyə sektoru xüsusilə ağır zərbə alıb.
“Bu, çox çətin savaşdır, çünki aclıq bütün ölkəni bürüyür”, Kabildə yaşayan Marqaret Harris Cenevredəki jurnalistlərə deyib. “Dünya Əfqanıstandan üz çevirməməlidir və çevirə bilməz”.
Harrisin sözlərinə görə, gecə saatlarında havanın temperaturu 0 dərəcədən aşağı düşür və soyuq havanın yaşlı və gəncləri digər xəstəliklərə daha həssas edəcəyi gözlənilir. O əlavə edib ki, yanacaq çatışmazlığına görə, bəzi yerlərdə insanlar xəstəxanaları yanacaqla təmin etmək üçün ağacları kəsirlər.
Harrisin aclıqdan ölən uşaqların sayı ilə bağlı dəqiq məlumatı yoxdur, amma o, yeddi aylıq körpə də daxil olmaqla "kiçik uşaqlarla dolu palatalar"ı təsvir edib.
Ölkədə qızılcaya yoluxma halları artmaqdadır və ÜST-ün məlumatları indiyə qədər 24,000 klinik hadisənin qeydə alındığını göstərir.
“Qida çatışmazlığından əziyyət çəkən uşaqlar üçün qızılca ölüm hökmüdür. Əgər biz cəld hərəkət etməsək, daha çox ölüm hallarının şahidi olacağıq”, Harris deyib.