25 Noyabr 2021
Mətni dəyiş
Vəkil Elçin Sadıqov Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib. O, müraciətində bildirib ki, bəzi məhkəmələrin cinayət prosesində mülki iddia verilərkən vətəndaşlardan dövlət rüsumu tələb edilir”.
Vəkil qeyd edib ki, son vaxtlarda cinayət işləri üzrə məhkəmələrdə ikili yanaşmayla daha çox rastlaşır:
“Məhkəmələr arasında cinayət prosesi zamanı mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsi ilə bağlı fikir ayrılıqları vardır. Bəzi məhkəmələr mülki iddia üçün dövlət rüsumunun ödənilməli olmadığını desələr də, bəzi məhkəmələr dövlət rüsumunun ödənilməli olduğunu bildirirlər”.
“Hətta Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin adları Hökumət Ödəniş Portalında olmadığından həmin məhkəmələrə dövlət rüsumları ödəmək mümkün deyildir. Həmin məhkəmələr mülki iddiaları dövlət rüsumu olmadan icraatlarına qəbul edirlər, ancaq Cinayət Prosesual Məcəlləsindən bununla bağlı 182-ci maddə çıxarılıb”, – deyə vəkil bildirir.
Elçin Sadıqov bildirib ki, məcəllənin iddia ərizəsini qəbul etməkdən imtina edilməsini nəzərdə tutan 184-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməyibsə, yaxud iddia ərizəsi Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulan tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər.
Onun sözlərinə görə, məcəllənin 183.3. maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər:
“İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Göründüyü kimi mülki iddianın icraata qəbul edilməsindən imtina olunması əsasları arasında dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmayıb”.
Elçin Sadıqov qeyd edib ki, müvafiq məcəllənin 179.2. maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir:
“Həmin maddəyə görə mülki prosessual qanunvericiliyin normasının tətbiqi imperativ xarakter daşımır. Eyni zamanda, 179.2-ci maddə mülki iddianın icraata qəbulunu deyil, mülki iddia üzrə icraatda (!) zəruri olan qaydaları nəzərdə tutur. Yəni qəbuledilənliklə bağlı əsasları deyil, prosessual əsasları nəzərdə tutur. Məsələn, maddi zərərin məbləğini, xəstəxana xərclərini sübut etmək, hüquq xidməti xərclərinə dair sübutlar təqdim etmək kimi çəkişmə prinsipinin meyarlarını nəzərdə tutur”.
“Digər tərəfdən, “Dövlət rüsumu haqqında” Qanununa əsasən mülki işlərdə apelyasiya və kassasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumunun 50 faizinin ödənilməsi nəzərdə tutulur. Həm də Mülki Prosesual Məcəllənin də apelyasiya və kassasiya şikayətləri üçün dövlət rüsumunun ödənilməsi nəzərdə tutulduğu halda Cinayət Prosesual Məcəllədə apelyasiya və ya kassasiya şikayəti vermək hüququ olan şəxslərin (apelyasiya, kassasiya şikayətinin kim tərəfindən verilməsindən asılı olmayaraq) dövlət rüsumu ödəməli olması nəzərdə tutulmayıb”, – vəkil belə deyir.
Müraciəti ilə əlaqədar Elçin Sadıqov Meydan TV-yə bildirib ki, cinayət işlərində mülki iddia verilərkən dövlət rüsumunun ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı halda, məhkəmələr qanunsuz olaraq dövlət rüsumunun ödənilməsini tələb edirlər:
“Hesab edin ki, insanın övladı cinayət nəticəsində ölür və məhkəmələr yaxın qohumdan mülki iddia qaldırmaq üçün əlavə dövlət rüsumu tələb edirlər”.