Yaponiya COVID-19 pandemiyasının təsirini yumşaltmağa yönəlmiş iqtisadi stimullaşdırma planının bir hissəsi olaraq 18 yaşından kiçik uşaqları olan ailələrə nağd pul köçürmələrinə təxminən 2 trilyon yen (18 milyard dollar) xərcləyəcək.
Bu barədə “Yomiuri” qəzeti məlumat verib. Plana əsasən, ailələr gəlirlərindən asılı olmayaraq gələn ilin yazında hər uşağa görə 100.000 yen (879 dollar) almaq hüququna malikdirlər.
Qəzetdə bildirilib ki, hökumət nağd ödənişləri maliyyələşdirmək üçün dövlət xəzinəsindəki ehtiyatlarından istifadə edəcək. Nəşr ehtimal edib ki, plan hökumət borcunun böyük emissiyası ilə nəticələnməyəcək.
Eyni zamanda qeyd edilib ki, yeni baş nazir Fumio Kişidanın administrasiyası aztəminatlı ailələrə və müvəqqəti işçilərə nağd pul ödənilməsini nəzərdən keçirir və əlavə edilib ki, hakim partiya detallar üzərində işləyir.
“Bütün ev təsərrüfatlarını əhatə edən əvvəlki ümumi ödənişlə müqayisədə, bu dəfə istehlak xərclərinə daha çox pul xərclənə bilərdi, çünki o, nağd pula ehtiyacı olanları hədəf alır”, deyə “Dai-ichi Life” Tədqiqat İnstitutunun baş iqtisadçısı Masato Koyke bildirib.
Fumio Kişida bu ay genişmiqyaslı stimul paketi hazırlamağa söz verib və hökumət bu ilin sonuna qədər onu parlamentdən keçirməyi hədəfləyir. Bundan başqa, Kişida potensial xərclər və əlavə borc məsələlərinin məbləği haqqında bəzi detallar verib.
“Baş nazir dəfələrlə bəyan edib ki, administrasiya pandemiyadan əziyyət çəkənlərə ödənişlər təklif etməyə hazırdır. Bu anlaşma əsasında müzakirələr davam edəcək ", deyə İqtisadiyyat naziri Daişiro Yamaqiva cümə günü jurnalistlərin “Yomiuri” hesabatı ilə bağlı suallarını cavablandırarkən bildirib.
Uşaqlı ailələrə nağd pul təklif etmək ideyası Fumip Kişidanın Liberal Demokrat Partiyasının koalisiya ortağı Komeitonun oktyabrın 31-də keçirilən ümumi seçkilər ərəfəsində verdiyi vədi idi. Bu, Kişidanın köməyə daha çox ehtiyacı olanlara ünvanlı ödənişlər etmək çağırışından bir qədər fərqlənir.