“Yeni Klinika”nın direktoru, koronaviruslu xəstələrin klinikaya yerləşdirilməsi və müalicəsi üçün onların yaxınlarından pul almaqda ittiham edilərək həbs olunan Pərviz Abbasov, eləcə də daha 4 nəfərin məhkəməsi yekunlaşmaq üzrədir.
"Meydan TV" xəbər verir ki, artıq prokuror təqsirləndirilən şəxslərə cəza istəyib, hazırda vəkillərin çıxışları mərhələsidir.
Pərviz Abbasovun vəkili bildirib ki, o, təsir altına salınmış Samir Mirzəyevin ifadəsi əsasında, heç bir sübut olmadan həbs olunub:
“Samir Mirzəyev də məhkəmədə etiraf etdi ki, ona qarşı ifadəni təzyiq altında verib. Bildirdi ki, ayrı-ayrı şəxslərdən pul alıb, onları klinikaya yerləşdirməyə özü söz verib. Yəni onun bu əməllərindən Pərviz Abbasovun xəbəri olmayıb. Pərviz Abbasovun ona etibarından sui-istifadə etməsinin peşmançılığını çəkdiyini də dedi…”
Pərviz Abbasov özü də təqsirsiz olduğunu deyir. Onun sözlərinə görə, saxlandığı gün axşam saat 18 radələrində əməliyyatçılar iş otağına daxil olub. Kompüterinə, telefonuna baxıblar, kabinetdə axtarış aparıblar.
“Çantamda olan qeyd dəftərimi götürdülər. Həmin dəftərdə vaxtilə tibb universitetində çalışdığım müddətdə apardığım qeydlər var idi. Əməliyyat zamanı maaş kartım, evimin açarı olan pul qabımı da açıb çəkiblər. Sonradan telekanallarda nümayiş etdirdikləri məbləğ mənim aylıq maaşımdan da az olub. Mən aylıq 7500 manat əməkhaqqı alıram. Çəkilişdə göstərilən pul 6650 manatdır. Həmin pul da əməkhaqqımdır”, – Pərviz Abbasov bildirib.
Keçmiş klinika rəhbəri deyir ki, onunla bağlı videogörüntü yayılmasından həbsinin 4-cü ayında xəbər tutub:
“Dörd ay sonra bilmişəm ki, bu video hazırlanıb və televiziyalara ötürülüb. Bununla da ictimai rəyi çaşdırıblar, məni nüfuzdan salıblar. Videoçəkilişdə deyirəm ki, bunları niyə çəkirsiniz, nə axtarırsınız? İzah edirəm ki, bunlar mənim evimin açarı, öz pulumdur. Amma bunları dinləyən olmadı”.
Pərviz Abbasov əlavə edib ki, hazırda onunla mühakimə olunanlardan yalnız Samir Mirzəyevi tanıyıb:
“Digərlərini istintaqda, məhkəmədə tanımışam, görmüşəm. Samir Mirzəyevlə yaxın tanışlıq, dostluq münasibətlərimiz olub. Mənə avtomobilimi alıb-satmaqda kömək edib. Onun özü və yaxınları da koronavirusa yoluxanda klinikada müalicə alıb. İşlə əlaqədar gün ərzində 60-70 nəfərlə telefonla danışırdım. Klinikaya xəstə yerləşdirmək üçün xeyli vəzifəli şəxslər də müraciət edirdi. Milli Məclisin üzvləri zəng edirdi, nazirliklərdən zənglər gəlirdi. “Üstümə benzin töküb yandıracam” deyən adamları da qəbul eləmişəm. Ümumiyyətlə, kim müraciət edibsə, qəbul etmişəm, maraqlanmışam, kömək eləmişəm. Heç kimi çətin vəziyyətdə qoymamışam. Bir nəfərdən də pul almamışam. Səhər saat 6-da evdən çıxıb, gecə saat 12-də qayıdırdım. Mən 40 yaşımda elmlər doktoru olmuşam. Ömrümü səhiyyəyə həsr etmişəm. 40 yaşımın tamamında 4 divar arxasında qaldım. Baş cərrah oldum, universitetdə dərs dedim, dosent oldum, amma bu günə qədər bir adamdan bir qəpik də almadım. Amma yoldan keçən bir adamdan pul aldım? Sizcə bu nə qədər inandırıcıdır? 20 ilin cərrahıyam, bir dənə ipotekada olan evim var, bir də maşınım. İndi özünüz qərar verin. 20 ilin cərrahı istəsəydi, Azərbaycanda nələr qazanmazdı? Çox təəssüf edirəm ki, bir qadın gəlib üzümə durdu. Minlərlə insanın müalicə aldığı klinikada bircə o qadın “tapıldı”. Mən tanımadığım bir adamdan pul ala bilərəmmi? Bu qədər haqsızlığın davam edəcəyinə inanmıram. Burada ədalət olmasa da, mən inanıram ki, ilahi ədalət bir gün qələbə çalacaq. Bütün bu yalanlar dağılacaq”.
İstintaqdan gileylənən Pərviz Abbasov ona qarşı qərəzli münasibət göstərildiyini vurğulayıb. Onun sözlərinə görə, gecə saat 2 radələrində haqqında həbs qərarı çıxarılıb: “Mən Eskobar idim? Məhkəməyə çatanda artıq danışa bilmirdim. Saatlarla istintaqda saxlanılmışdım”.
Xəstələrin “Yeni Klinika”ya necə yerləşdirilməsi haqda danışan Pərviz Abbasov bildirib ki, bununla bağlı təlimatı Operativ Qərargahdan alırdı. Təlimata əsasən, öz ayağı ilə gələn hər xəstəni qəbul etmirdi:
“Çünki icazə yox idi. Operativ Qərargahdan hər gün təlimat verilirdi ki, bu gün sərbəst qəbul et. Bəzən də deyilirdi ki, bu gün kim müraciət etsə də, qəbul etmə. İdarə rəisləri, polis rəisləri, onlarla millət vəkilləri, nazirliklərdən zəng edilirdi. Səmimi olaraq deyirəm ki, tanışım Samirin xahişilə də adam qəbul etmişəm. Özüm də dəfələrlə rəhbərliyimə demişəm ki, klinika ilə bağlı rüşvət iddiaları gəzir. Mən özüm bundan narahat idim. Rayon DTX və polis rəisləri ilə də danışığım olub. Belə söz-söhbətlərin gəzdiyini bilirdim. Deyirdim ki, ola bilər. Çünki işçilərin 60-70 faizi başqa xəstəxanalardan ezam olunmuşdu. Ona görə də belə halların ola biləcəyindən ehtiyat edirdim. Klinikaya gətirilən 5500 xəstədən cəmi 1 nəfər məndən şikayətçi olub. Təsəvvür edisiniz? Mən xətasız işləmişəm. Bu rəqəm də onu göstərir. Heç kim şikayətçi deyil. Bircə bu qadın. O da bura gəlsin, mən onu özüm başa salacam, izah edəcəm ki, vəziyyət nə yerdədir”.
Prokuror Pərviz Abbasovun 10 il, “Buta” klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov və Samir Mirzəyevin hər birinin 9 il, “Avrasiya” klinikasının əməkdaşı və “Viola” MMC-nin meneceri olan Vüsalə Əliyevanın 6 il azadlıqdan məhrum edilməsini istəyib.
Vüsalə Əliyeva hazırda həbsdə deyil, digər təqsirləndirilən şəxslərdən fərqli olaraq, onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.