22 Dekabr 2021
Mətni dəyiş
2021-ci ildə Suriyada 3746 nəfər ölüb. Bu, vətəndaş müharibəsinin davam etdiyi ölkədə son 10 ildə ən az insan itkisi deməkdir.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, həyatını itirənlərin 360-ı uşaq olmaqla 1505-i mülki şəxsdir.
Bu rəqəm Suriyada müharibə başlayandan bəri ən aşağı səviyyə hesab edilir. Ötən il ölkədə 6800, 2019-cu ildə isə 10 mindən çox insan həlak olub.
Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, itkilərin sayında azalma tendensiyası davam edir.
Baş ofisi Londonda olan, lakin Suriyanın hər yerində şəbəkəsi olan QHT 2021-ci ildə mina və müxtəlif partlayıcı qəlpələri səbəbindən 297 nəfərin ölməsi haqda məlumat paylaşıb.
“The Landmine Monitor” təşkilatının noyabr ayında verdiyi açıqlamada bildirilmişdi ki, Suriya mina və partlayıcı hərbi qəlpələr səbəbindən can itkisinə görə Əfqanıstanı üstələyir.
2011-ci ildə hökumət əleyhinə dinc nümayişlərin zorakılıqla yatırılmasından sonra vətəndaş müharibəsinin baş verdiyi ölkədə son iki ildə qarşıdurma nisbətən səngiyib.
Rusiya və İranın dəstəyi ilə Dəməşq rəhbərliyi müxalifətin qalası olan İdlibə zaman-zaman hücumlar təşkil edir.
Lakin Rusiya və Türkiyənin təşəbbüsü ilə əldə olunan atəşkəsə böyük ölçüdə əməl olunur.
Suriyada müharibə başlayandan bəri yarım milyondan çox insan həlak olub.
Müharibə nəticəsində milyonlarla insan qaçqın vəziyyətinə düşüb Bu, İkinci Dünya Müharibəsindən bəri münaqişə ilə bağlı ən böyük məcburi köçkünə səbəb olub.