2 Dekabr 2021
Mətni dəyiş
Missisipi ştatında abortu qadağan edən qanunun konstitusiyaya uyğunluğunu müzakirə etməyə başlayan ABŞ Ali Məhkəməsi sözügedən qanunu müdafiə edəcəyinə və hətta ölkədə qadınların abort hüquqlarını qoruyan 50 illik qərarı ləğv edə biləcəyinə işarə edib.
3 üzvü ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilən və ölkə tarixində 6-ya 3 nisbətlə ən böyük mühafizəkar səs çoxluğuna sahib olan ABŞ Ali Məhkəməsi 2018-ci ildə Missisipi ştatında qüvvəyə minən və hamiləliyin 15-ci həftəsindən sonra abortu qadağan edən qanunla bağlı arqumentləri dinləyib.
Mississippi Cekson Qadın Sağlamlığı Təşkilatının işi ilə bağlı iki saata yaxın davam edən danışıqlar nəticəsində 6 mühafizəkar hakim Missisipidə qanunun qorunmasının tərəfdarı olduqlarını, 3 demokrat isə qanuna qarşı çıxdıqlarını bildirib. Ali Məhkəmənin yekun qərarının 2022-ci ilin iyun ayından əvvəl açıqlanmayacağı öyrənilib.
Digər tərəfdən, məhkəmənin Missisipidə qadağanı təsdiqləməsinin “ABŞ konstitusiyasının qadının hamiləliyini dayandırmaq qərarını dövlət məhdudiyyətindən qoruyan və ölkədə qadınların abort hüquqlarını dölün müstəqil yaşaya biləcəyi 24-cü həftəyə qədər qarantiya altına alan” 1973-cü il tarixli Roe v. Veyd qərarının praktikada ləğv edilməsi mənasına gələcəyi deyilib.
Müzakirə olunan mövzuda dövlət Roe v.Veyd qərarında dölün öz başına yaşaya biləcəyinin qeyd edildiyi 24-cü həftə limitinin ixtiyari bir hədd olduğunu və reallığı əks etdirmədiyini iddia edir.
Sputnik-də yer alan xəbərə görə, məsələni Ali Məhkəməyə gətirən Cekson Qadın Sağlamlığı Təşkilatı abortun qadağan edilib-edilməməsi ilə bağlı dölün sağ qalma dövrünün ləğvinin Roe v. Veyd qərarının ləğvi anlamına gələcəyini və abortun tamamilə qadağan edilməsinə yol açacağını söyləyərək qadınların konstitusional hüquqlarının qorunmasını tələb edir.
Məhkəmədəki dinləmələr zamanı çıxış edən ABŞ Ədliyyə Nazirliyinin baş hüquq müşaviri Elizabet Preloqar bildirib ki, bu qərar Ali Məhkəmə tərəfindən verilərsə, ölkədəki ştatların təxminən yarısı insest və ya zorlama halları nəzərə alınmadan abortları tamamilə qadağan edəcək.
Prelongar Roe v. Veyd qərarının ləğvinin ölkədə fərdi hüquqların görünməmiş şəkildə məhdudlaşdırılmasına və hüquq elminin vəhdətinin pozulmasına gətirib çıxaracağını söyləyib.