24 Dekabr 2021
Mətni dəyiş
ABŞ prezidenti Co Bayden cümə axşamı Çinin Sincan-Uyğur Muxtar Bölgəsindən demək olar ki, bütün idxalı qadağan edən qanun layihəsini təsdiqləyib. Qanun layihəsi uyğurların bölgədə məcburi əməyə cəlb edilməsi ilə bağlı narahatlıqlar səbəbindən qəbul edilib. Çin isə ABŞ-ı “yalan məlumat yaymaqda” ittiham edərək, Vaşinqtona cavab verəcəyini açıqlayıb.
Çin Xarici İşlər Nazirliyi açıqlamasında ABŞ-ın qərarının "beynəlxalq hüququn pozulması" və "Çinin daxili işlərinə müdaxilə" olduğunu bildirib.
Ötən həftə ABŞ Konqresinin təsdiq etdiyi qanun layihəsində Baydenin Sincanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan çinli məmurlara qarşı sanksiyalar tətbiq etməsi də nəzərdə tutulur.
Qanun layihəsinin qabaqcıllarından biri olan respublikaçı senator Marko Rubio yazılı açıqlamasında bildirib ki, bu, ABŞ-ın Çin Kommunist Partiyasını qul əməyindən istifadə etdiyinə görə məsuliyyətə cəlb etmək üçün indiyə qədər atdığı ən mühüm və təsirli addımdır.
Bəzi ABŞ şirkətləri istehsalda məcburi əməyin olmadığına dair sübut təqdim etmədikcə, bölgədən bütün malların idxalını qadağan edən Uyğurların Məcburi Əməyin qarşısının alınması qanunundan narahatlıqlarını ifadə ediblər.
“Beynəlxalq münasibətlər normalarının pozulması”
Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penqyu bu addımın "reallığı görməzlikdən gəldiyini və Sincandakı insan haqlarının vəziyyətini qəsdən ləkələdiyini" bildirib:
"Bu, beynəlxalq hüquq və beynəlxalq münasibətlər normalarının ciddi şəkildə pozulması və Çinin münasibətlərinə böyük müdaxilədir. Çin bunu qəti şəkildə pisləyir və qəti şəkildə rədd edir".
Günəş panelləri üçün lazım olan materialların əksəriyyətini dünyanı təmin edən Çin həm də əsas pambıq istehsalçısıdır.
Hər il ABŞ-a idxal edilən geyimlərin təqribən 20 faizində Sincanda istehsal olunan müəyyən miqdarda pambıq var.
İnsan haqları üzrə ekspertlər, şahidlər və ABŞ hökuməti bir milyondan çox uyğur və digər müsəlmanın İslam mədəni ənənələrini silmək və Çinin əksəriyyətini təşkil edən Han xalqına zorla assimilyasiya etmək məqsədilə düşərgələrdə həbs edildiyini bildirir.
Vaşinqton Çində həyata keçirilən bu siyasəti “soyqırım” kimi qiymətləndirib.
Artıq ölkədə bəzi Çin rəsmilərinə və biznes qurumlarına qarşı sanksiyalar tətbiq edilib. ABŞ həmçinin Sincandakı vəziyyətə etiraz olaraq Pekin Olimpiadasını diplomatik yolla boykot etdiyini açıqlayıb.
Pekin uyğur müsəlmanlarının saxlandığı bu yerləri peşə təhsili mərkəzləri kimi xarakterizə edir və hücumlardan sonra radikal İslamın təsirini azaltmağa çalışdığını bildirir.