17 Dekabr 2021
Mətni dəyiş
ABŞ Konqresinin qəbul etdiyi qanun layihəsi Çindən Sincan bölgəsində istehsal olunan malların uyğurların məcburi əməyi ilə əldə edilmədiyini sübut etməyi tələb edir, əks halda bu məhsulların idxalının qadağan edilməsi nəzərdə tutulur.
ABŞ uzun müddətdir ki, Çini Sincanda əsasən müsəlman olan uyğurlara qarşı soyqırım törətməkdə və onları düşərgələrdə işləməyə məcbur etməkdə ittiham edir.
Çin isə bir sıra ifadələrə və içəridən sızdırılmış məlumatlara baxmayaraq, bu iddiaları rədd edir.
İyul ayında Senatda təsdiqlənən qanun layihəsi “Coca-Cola”, “Apple” və “Nike” da daxil olmaqla, bölgədə istehsalatla məşğul olan bəzi şirkətlər tərəfindən tənqid edilib.
Ağ Evin ilkin olaraq dəstəkləmədiyi qanun layihəsi indi “Uyğurların zorla işlədilməsinə qarşı mübarizə qanunu” adı ilə prezident Co Baydenin masasındadır. Qanun layihəsi Baydenin imzasından sonra qüvvəyə minəcək.
Ağ Evin uzun müddət bitərəf qaldığı qanun layihəsi ilə bağlı sözçü Cen Psaki ilk açıqlamanı verib və Baydenin qanun layihəsini imzalayacağını söyləyib.
ABŞ artıq Sincandan pambıq və pomidor alışını dayandırıb.
Sincan bölgəsində yaşayan uyğurların və digər müsəlman azlıqların insan haqlarını pozmaqda Çinə qarşı geniş ittihamlar irəli sürən ABŞ Konqresi burada soyqırımdan əlavə, “insan əməyinin köləlik yolu ilə əldə edildiyini” də deyir. Hazırda tədarük zənciri məsələsində problemlər yaşayan böyük şirkətlər qanunun "onların biznesinə mənfi təsir edəcəyini" bildirirlər.
Daha əvvəl Senat, sonra isə Nümayəndələr Palatası tərəfindən qəbul edilən qanun layihəsi bu həftənin əvvəlində hər iki tərəfin nümayəndələrinin konsensusu ilə yekun şəkil alıb.
Respublikaçılar bu kompromislə diplomat Nikolas Börnsün Çinə səfir təyin edilməsi tələblərini də geri götürüblər.
Cümə axşamı günü ABŞ Maliyyə Nazirliyi Çin ordusuna dəstək verdiyi üçün 30-dan çox çinli texnologiya şirkəti və tədqiqat institutuna sanksiya tətbiq edəcəyini açıqlamışdı. Müvafiq olaraq, Amerika şirkətləri bu sanksiyaya məruz qalan Çin şirkətlərinə xüsusi icazə almadıqca məhsul sata bilməyəcəklər.
Böyük Britaniya, Avstraliya, ABŞ və Kanada Çində insan haqlarının pozulmasına etiraz olaraq 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına diplomatlarını göndərməyəcəklərini açıqlayıblar.