13 Dekabr 2021
Mətni dəyiş
Çinin elektron ticarət şirkəti “Alibaba” menecerini və müştərisini cinsi təcavüzdə ittiham edən qadın əməkdaşını işdən çıxarıb.
Şirkətin işdən çıxarılma məktubunda “yalanların” şirkətin nüfuzuna xələl gətirdiyi bildirilib.
Sözügedən işçi avqust ayında yaşadıqlarını ictimaiyyətə açıqlayıb, Alibaba-nın lazımi addımları atmadığını, işgüzar səfərdə olarkən cinsi təcavüzə məruz qaldığını bildirib.
Bundan sonra menecer işdən çıxarılsa da, ona qarşı cinayət işinə xitam verilib. Müştəri ilə bağlı araşdırmanın davam etdiyi güman edilir.
Hadisə Çində qadınların iş dünyasında üzləşdikləri zorakılıqların ictimai müzakirəsinə səbəb olub.
“Bütün qanuni yollardan istifadə edəcəyəm”
Hökumətin dəstəklədiyi “Dahe Daily” qəzetinə danışan qadın işçi keçən ay işdən çıxarıldığını söyləyib:
"Mən səhv etməmişəm, ona görə də bunu qəbul etməyəcəyəm. Hüquqlarımı qorumaq üçün bütün qanuni vasitələrdən istifadə edəcəyəm".
O, işdən çıxarılma məktubunda ittihamların şirkətə pis təsir etdiyinin də yer aldığını qeyd edib.
Qadının vəkili “New York Times” qəzetinə onun işdən çıxarıldığını təsdiqləyib.
Alibaba hələlik açıqlama verməyib.
İttihamlar nə idi?
11 səhifəlik ifadədə yer alan məlumata görə, qadın işgüzar səfərdə içki içdikdən sonra otel otağında huşunu itirib və meneceri tərəfindən cinsi təcavüzə məruz qalıb.
İş yeməyi zamanı müştərinin onu öpdüyünü deyən xanım işçi ertəsi gün otel otağında geyincəkli şəkildə yuxudan oyandığını bildirib.
Daha sonra otelin təhlükəsizlik kameralarındakı görüntüləri əldə edən işçi gecə ərzində 4 dəfə menecerinin kabinetinə girdiyini bildirib.
Şirkətin mərkəzinə qayıdan qadın menecerindən rəhbərliyə şikayət edib və şirkətin heç bir addım atmamasının ardından bunu ictimaiyyətə açıqladığını bildirib.
Hadisə Çinin sosial media saytı “Weibo”-da böyük müzakirələrə səbəb olub.
Bunun üzərinə şirkət rəhbəri vəzifəsindən azad edilib, hər iki menecer istefa verib.
KİV-in məlumatına görə, “Alibaba”-nın müştərisi və cinsi təcavüzdə ittiham olunan şəxs də işdən çıxarılıb.
Bu hadisə sosial mediada da böyük müzakirələrə səbəb olub.
Bəzi istifadəçilər kifayət qədər cəza verilmədiyini, bəziləri isə kifayət qədər dəlil olmadığını müdafiə edib.