Azərbaycanda "Omikron" ştamı yayılarsa, bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər".
Bu gün, dekabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib.
Brifinqdə çıxış edən səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib ki, əgər Azərbaycanda "Omikron" ştamı yayılarsa, bir sıra məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər.
“Azərbaycanla həmsərhəd olan ölkələrdə artıq ştam qeydə alınıb. Azərbaycana da "Omikron"-un gəlməsi və yayılması vaxt məsələdir. Ştam ölkəmizdə peyda olsa və yayılmağa başlasa, müəyyən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərə əl atmalı olacağıq”, - deyə o bildirib.
COVID pasportlarının müddəti 6 ay olacaq
Prezidentinin köməkçisi Şahmar Mövsümov isə açıqlamasında bildirib ki, gələn il fevralın 15-dən etibarən Azərbaycanda COVID pasportlarının müddəti 6 ay olacaq.
Onun sözlərinə görə, pandemiya ilə bağlı vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır: "Vaksinasiya iki dozadan sonra kifayət qədər güclü qoruyucu qüvvəyə malikdir. Ancaq tədqiqatlara görə vaksinin 2-ci dozasından 4 ay sonra immunitet zəifləyir və buster dozanın vurulması ciddi tövsiyə edilir. Bu proses Azərbaycanda da gedir. Bu prosesdə daha çox qoruyucu və ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə hazırda istifadə olunan COVID pasportlarının vaxtına məhdudiyyət qoyulur. Fevral ayının 15-dən sonra COVID pasportlarının müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay sonra COVID pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş COVID pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”.
Yaslarla bağlı məhdudiyyət qüvvədə qalacaq
Şahmar Mövsümov çıxışı zamanı həmçinin bildirib ki, yaslarla bağlı məhdudiyyət qüvvədə qalacaq.
“Toylarda saya nəzarət etmək daha asandır. Amma yas mərasimlərinə nəzarət etmək, COVID pasportlarını yoxlamaq çətindir. Yaslarda COVID-in sürətlə yayılması riski daha yüksəkdir. Buna görə də yas mərasimləri ilə bağlı məhdudiyyət qüvvədədir”.