8 Dekabr 2021
Mətni dəyiş
Jurnalist Camal Qaşıqçının qətlində şübhəli bilinənlərdən biri Fransada tutulub.
Fransa mətbuatının məlumatına görə, Səudiyyə Ərəbistanı əsilli Xalid Aed Əl-Otaibi çərşənbə axşamı Parisin Şarl-de-Qol hava limanında saxlanılıb.
Əl-Otaibi Türkiyə tərəfindən axtarılan 20 nəfərdən biri olub.
Reuters xəbər agentliyinə danışan bir polis rəsmisi bildirib ki, əl-Otaibi 2019-cu ildə Türkiyə tərəfindən verilən həbs qərarı ilə saxlanılıb.
Agentlik həmçinin Fransa prokurorlarının ekstradisiya prosesi ilə bağlı qiymətləndirmələrə başlayacağını bildirir.
Qaşıqçının nişanlısı Hatice Cengiz tutulma ilə bağlı paylaşımında “Fransadan onu mühakimə etməyi və ya bunu edəcək bir ölkəyə təhvil verməsini” tələb edib.
BBC-nin diplomatik müxbiri Frank Qardner bu saxlanılmanın Səudiyyə Ərəbistanı üçün "pis xəbər" olduğunu və Türkiyəyə ekstradisiya ediləcəyi təqdirdə iki ölkə arasında diplomatik problemin yarana biləcəyini deyib.
RTL radiosunun məlumatına görə, 33 yaşlı keçmiş kral mühafizəçisi öz pasportu ilə səyahət edərkən saxlanıldıqdan sonra həbs edilib.
Səudiyyə Ərəbistanı hökumətini tənqid edən Qaşıqçı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb.
Səudiyyə Ərəbistanı qətlin hakimiyyətdən asılı olmayaraq hərəkət edən bir qrup tərəfindən törədildiyini iddia edib, Türkiyə rəsmiləri isə qətlin əmrinin Səudiyyə hökumətinin özündən gəldiyini söyləyib.
Fransa prezidenti Emmanuel Makronun Ər-Riyadda vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşündən iki gün sonra Qaşıqçının qətlində şübhəli bilinənlərdən birinin tutulması da diqqət çəkir.
Qaşıqçının cəsədi heç vaxt tapılmayıb.