“Britaniyanın baş naziri Boris Conson Rusiya prezidenti Vladimir Putinə Moskvanın Ukraynaya qarşı hər hansı “sabitliyi pozan hərəkətinin”“strateji səhv” və “ciddi nəticələrə səbəb olacağı” barədə xəbərdarlıq edib” - deyə, Consonun sözçüsü bildirib.
Sözçünün dediyinə görə, dekabrın 13-də Putinlə telefonla danışan Conson Britaniyanın “Ukraynanın ərazi bütövlüyü və suverenliyinə” sadiq qaldığını vurğulayıb” və “Birləşmiş Krallığın Rusiya qüvvələrinin öz ərazisində artırılmasından dərin narahatlığını ifadə edib. Conson Ukrayna sərhədində gərginliyi azaltmaq və davamlı həll yollarını müəyyən etmək üçün diplomatiya yolu ilə işləməyin vacibliyini bir daha vurğulayıb."
Consonun açıqlamaları “G-7”-lər (Böyük Yeddilər) qrupunun aparıcı iqtisadiyyatlarına daxil olan ölkələrin xarici işlər nazirlərinin Rusiyanın Ukrayna ilə sərhədində hərbi qüvvələr toplaması ilə bağlı narahatlıqlarını əks etdirir. G-7 nazirləri münaqişənin diplomatik yolla həllinə çağırıb.
Rusiya mətbuatı dekabrın 13-də Kremlə istinadən yazıb ki, Putin və Conson danışıqları müxtəlif kanallar vasitəsilə davam etdirmək barədə razılığa gəlib.
Telefon danışığı Rusiya və Ukrayna arasında yüksək gərginlik fonunda baş tutub. Rəsmi Kiyev deyir ki, onlar Rusiyanın mümkün işğalından ehtiyat edir.
2014-cü ildə Ukraynanın Krım yarımadasını ələ keçirən və Ukraynanın şərqində Rusiya tərəfdarı separatçıları dəstəkləyən Rusiya belə bir planının olduğunu inkar edir.
Rusiya və Ukrayna arasında qarşılıqlı ittihamlar həftələrdir artmaqdadır.
Rəsmi Vaşqinton Rusiyanın Ukraynadan gələn provokasiyalara görə hərbi mövcudluğunu artırmasını bəhanə kimi göstərəcəyini bildirib.
Ukrayna noyabrın 26-da Rusiyanı prezident Vladimir Zelenskiyə qarşı dövlət çevrilişi cəhdinin arxasında durmaqda ittiham edib. Kreml bunu inkar edib.