Danimarkada qaçqın cütlükləri ayırmaqda günahlandırılan keçmiş İmmiqrasiya və İnteqrasiya naziri İnqer Stoeyberq Ali Məhkəmənin qərarı ilə 60 sutka həbs cəzasına məhkum edilib.
Bu qərar 23 qaçqının şikayəti əsasında qəbul edilib.
Stoyberq məhkəmədən sonra verdiyi açıqlamada təəssüfləndiyini bildirib: "Bu gün təkcə mən yox, hətta Danimarka dəyərləri də məğlub oldu", - deyə o, əlavə edib.
2015-2019-cu illərdə Danimarkada İmmiqrasiya və İnteqrasiya naziri vəzifəsində çalışmış İnger Stoejberg elə həmin illərdə ölkəyə gələn qaçqınların qızıl-zinyət əşyalarının müsadirə edilməsi ilə bağlı çıxarılan qərarın əsas təbliğatçılarından olub.
2015-ci ildə Suriyada yaşanmış vətəndaş müharibəsindən sonra ortaya çıxan qaçqın problemindən əziyyət çəkən ölkələr arasında Danimarka da olub.
Əcnəbilərə qarşı sərt qərarları dəstəkləyən Stoyberqin rəhbəri olduğu nazirlik 2016-ci ildə qərar vermişdi ki, ölkəyə gələn qaçqın cütlüklərin hər hansı biri 18 yaşda aşağı olsa, onlar ayrı yerlərdə saxlanılacaqlar.
Bu qərar isə ciddi etirazlarla qarşılanmışdı.