"Ailələrdə yaranan problemlərə, boşanmalara təsir edən əsas səbəblərdən biri də sosial şəbəkədir".
Bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mövcud ailə münasibətləri" ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, qapalı mühitdən çıxan şəxslər açıq platformalarda fikirlərini ifadə etməkdə çətinlik çəkirlər: "Amma bu, sosial şəbəkənin günahı deyil. Biz sosial şəbəkədə mədəniləşmə amilini inkişaf etdirə bilmədik. Sosial şəbəkədə dedi-qodu ilə məşğul olan insanların sayı çoxalıb. Bu sahədə texnologiyanın imkanlarını məhv etmişik".
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə hesab edir ki, Azərbaycan ailəsində maddi problemlər birinci yerdə durur və bunun həlli üçün sosial müavinətlər kəskin şəkildə artırılmalıdır.
Komitə sədri deyib ki, əgər ailənin problemi yoxdursa, bu, cəmiyyətin də problemlərinin olmaması deməkdir.
M.Quliyev vurğulayıb ki, ailənin problemi varsa, bu, cəmiyyətin və hökumətin problemi sayılmalıdır. O bildirib ki, ailə münasibətləri ilə bağlı bir çox suallar meydana gəlir: "Biz klassik ailə modelini qorumaq üçün dəridən qabıqdan çıxmalıyıqmı yoxsa bunu zamanın axarına buraxmalıyıqmı? Bugünkü ailə 10 il əvvəlin ailəsi deyil. İndi ailədə nəinki baba nənə, hətta ata-ana da yoxdur. İndi özünün evi varmı sualından sonra sual verirlər ki, ata-anasından uzaqdamı qalır?
Bu sorğu nəticəsində məlum olub ki, ailə münasibətlərinə maddi problemlər birinci yerdə durur. Ona görə də biz sosial müavinətləri kəskin şəkildə qaldırmağın üstünə getməliyik".