Bakıda dələduzluqda təqsirləndirilən Məzahir Nəsibovun cinayət işi üzrə icraata verilib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, rəsmi məlumata əsasən, Nəsibov Məzahir Dursun oğlunun qanunsuz əməlləri ilə əlaqədar istintaq tədbirləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.
Belə ki, M.Nəsibovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri üçün inşa edilən hündürmərtəbəli yaşayış binasındakı mənzillərin aztəminatlı ailələr üçün nəzərdə tutulduğunu bildirib. O, vətəndaşları binanın tikintisi başa çatdıqdan sonra sözügedən mənzillərin adına heç bir əmlak sahəsi olmayan aztəminatlı ailələrə paylanacağına inandıraraq, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi yolu ilə qeyd olunan birliyin üzvü olmayan 92 şəxsin ümumilikdə 5 milyon 781 manat pul vəsaitini vahid niyyətlə ələ keçirib, külli miqdarda ziyan vurmaqla dələduzluq edib.
M.Nəsibovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.
Ötən həftə onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.