16 Dekabr 2021
Mətni dəyiş
Konqo Demokratik Respublikasının (KDR) Səhiyyə Nazirliyi ölkədə oktyabr ayında yenidən ortaya çıxan Ebola epidemiyasının sona çatdığını açıqlayıb. KDR-də indiyədək 13 Ebola epidemiyası qeydə alınıb.
Ən son epidemiya ölkənin şimal-şərq hissəsindəki Kivu əyalətində təsirli olub. Ebola virusuna 11 nəfər yoluxub, onlardan 6-sı dünyasını dəyişib.
Bu ilin fevralında başlayan 12-ci epidemiya üç ay davam edəndən sonra may ayında başa çatmışdı. 12-ci epidemiya zamanı ümumilikdə 12 yoluxma qeydə alınıb, 6 nəfər həyatını itirib.
11 mindən çox insan öldü
Bir növ hemorragik qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-in Yambuku şəhərlərində eyni vaxtda yayılan epidemiyalarda ortaya çıxıb.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılıb. 2014-2017-ci illərdə Qvineya, Liberiya və Syerra-Leonedə baş verən epidemiyada 30 min insan virusa yoluxub, 11 mindən çox xəstə dünyasını dəyişib.
KDR-də epidemiya Ebola çayı yaxınlığındakı kənddə başladığı üçün xəstəlik bu çayın adını daşıyır.
Konqo Demokratik Respublikasında Ebola epidemiyasının 11-ci dalğası 18 noyabr 2020-ci ildə sona çatıb. Epidemiyanın 11-ci dalğasında 130 yoluxma aşkarlanıb, 55 nəfər ölüb.