20 Dekabr 2021
Mətni dəyiş
Bu gün Milli Məclisin iclasında “Media haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Yeni qanunda qeyd edilib ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən jurnalist vəsiqəsi veriləcək. Jurnalist vəsiqəsinin forması, onun verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 (üç) ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 (üç) iş günü müddətində həmin vəsiqəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir.
Qanunda jurnalist vəsiqəsi verilmiş şəxslərin aşağıdakı imtiyazları da müəyyənləşib:
1. jurnalist fəaliyyətinin həyata keçirilməsi ilə bağlı dövlət və bələdiyyə mülkiyyətində olan muzeylərə, qalereyalara, habelə mədəni-ictimai tədbirlərin həyata keçirildiyi obyektlərə ödənişsiz daxil olmaq;
2. dövlət orqanları (qurumları), müəssisə və təşkilatlar, qeyri-hökumət təşkilatları tərəfindən akkreditasiya olunmaq;
3. əhəmiyyətli tədbirlərə dair kütləvi informasiyanın axtarılması, əldə olunması, ötürülməsi, istehsalı və yayımı məqsədilə həmin tədbirlərin keçirildiyi məkanlara bu qanunun 72-ci maddəsinə uyğun olaraq akkreditasiya olunduğu halda daxil olmaq;
4. bu qanunun 76.1.2–76.1.5-ci maddələrində nəzərdə tutulmuş güzəşt və imtiyazlardan yararlanmaq.
Bundan əlavə, çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı qayda müəyyənləşib.Layihəyə əsasən, çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından (qurumlarından) icazə tələb olunmur.Çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün hüquqi və ya fiziki şəxs müvafiq olaraq çap mediası məhsulunun istehsalından və materialın yayımlanmasından 7 (yeddi) gün əvvəl müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) rəsmi müraciət etməlidir.
Dini məzmunlu çap mediası və onlayn media subyektinin təsis edilməsi ilə bağlı müraciətə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əlavə olunur. Çap mediası və onlayn media subyektlərinin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının), beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, yerli özünüidarəetmə orqanlarının adlarından (özlərinin təsis etdikləri media subyektləri istisna olmaqla), habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadəyə yol verilmir.
Yeni qanunda həmçinin media subyektinin digər media subyektinin informasiyasından necə istifadə edəcəyi məlum olub. Belə ki, qeyd edilib ki, media subyekti digər media subyektinin informasiyasını və proqramlarını istinad etməklə abunəlik və ya müqavilə əsasında istifadə edə bilər.
Bundan əlavə, abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər.
Bu hallar dövlət orqanları (qurumları) tərəfindən yayılan rəsmi məlumatlara (press-relizlərə) və informasiya agentliklərinin informasiyasından istifadə hallarına şamil edilmir.
Layihədə həmçinin audiovizual media subyektləri aşağıdakılardır:
Yerüstü yayımçı:
1. ümumölkə yerüstü televiziya yayımçısı;
2. regional yerüstü televiziya yayımçısı;
3. ümumölkə yerüstü radio yayımçısı;
4. regional yerüstü radio yayımçısı;
Platforma yayımçısı:
1. peyk yayımı həyata keçirən platforma yayımçısı;
2. peyk yayımı həyata keçirməyən platforma yayımçısı;
Platforma operatoru:
1. sadə platforma operatoru;
2. universal platforma operatoru;
4. multipleks operatoru;
5. infrastruktur operatoru;
6. sifarişli yayım xidməti provayderi.
Qanunda xarici media nümayəndələrinin Azərbaycan ərazisində fəaliyyət göstərməsi qaydası açıqlanıb. Layihəyə əsasən, Azərbaycanda akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
Xarici jurnalistlərin Azərbaycanda akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycanda da eyni məhdudiyyətlər qoyula bilər.