NATO və ABŞ Rusiyaya xəbərdarlıq edib ki, əgər Ukraynaya müdaxilə etsə, bunun ciddi nəticələri olacaq.
NATO xarici işlər nazirləri həm Rusiya-Ukrayna məsələsini, həmdə Belarus-Polşa sərhədində yaşanan qaçqın böhranını müzakirə etmək üçün Latviyanın paytaxtı Riqada bir araya gəliblər. NATO-nun baş katibi Yens Stoltenberq toplantı çərçivəsində keçirdiyi mətbuat konfransında bu barədə danışıb.
“Biz Ukraynanı NATO-ya gedən yolda, Avro-Atlantik inteqrasiya yolunda dəstəkləyirik, onun islahatlarını, korrupsiya ilə mübarizəsini, müdafiə və təhlükəsizlik sistemini gücləndirməsini dəstəkləyirik. NATO standartlarına riayət etmək lazımdır. Bu, 30 üzv dövlətin qərarı ilə olmalıdır, alyansın genişləndirilməsi ilə bağlı konsensus lazımdır”- deyə o, əlavə edib.
Stoltenberq vurğulayıb ki, Ukrayna suveren və müstəqil dövlətdir, heç kim bu məsələyə qarışa bilməz, bunu ancaq Ukrayna və NATO ölkələri həll edə bilər.
NATO rəhbəri eyni zamanda gələcəkdə Ukraynaya qarşı hər hansı hücumunun fəsadlarının ağır ola biləcəyini deyib. O, bunun siyasi və iqtisadi bədəlinin ağır olacağını vurğulayıb.
ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken də toplantıdan əvvəl Rusiyaya xəbərdarlıq edərək bildirib ki, əgər müdaxilə olacaqsa, bunun ağır nəticələri olacaq.
"Rusiyanın bu istiqamətdə bütün taktiki davranışları diqqətlə izlənilir", - deyə ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken əlavə edib.