10 Dekabr 2021
Mətni dəyiş
Ədliyyə Nazirliyinin Penitensiar xidməti 34 gündür aclıq aksiyası keçirən Qarabağ qazisi, Gədəbəy rayonu İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmlinin son vəziyyəti haqda məlumat yayıb.
Məlumatda deyilir:
"Bəzi sosial şəbəkələrdə məhkum Saleh Rüstəmlinin səhhəti ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.
Bununla əlaqədar qeyd edilib ki, hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı S.Rüstəmliv qida qəbulundan imtina etməsi ilə bağlı səhhəti daim həkim nəzarətindədir və dəstəkləyici müalicə tədbirlərinə cəlb olunub.
Eyni zamanda onunla dəfələrlə psixoloji-profilaktik, fərdi-tərbiyəvi, səhhəti ilə əlaqədar maarifləndirici-izahedici söhbətlər aparılıb, qida qəbulundan imtinanın verə biləcək fəsadları ətraflı izah edilib. Bu məqsədlə həmçinin, S.Rüstəmliyə müntəzəm olaraq hüquqi yardım göstərən vəkili və yaxın qohumları ilə görüşməsinə, telefonla danışmasına şərait yaradılıb.
Məhkum S.Rüstəmli Ombudsman aparatının əməkdaşları, vətəndaş cəmiyyəti institutları və hüquq müdiəçiləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi Bakı ofisinin nümayəndələri tərəfindən də qəbul edilərək onunla izahedici söhbətlər aparılıb.
Bundan əlavə, ona Xidmətin psixoloqları tərəfindən psixoloji yardım göstərilib, eyni zamanda respublikada səfərdə olan türkiyəli psixoloqların S.Rüstəmovla görüşünə şərait yaradılıb. Aparılmış söhbətlər zamanı onun psixi sağlamlığında pozuntu müəyyən edilməyib, hər hansı digər mənfi əlamətlər izlənilməyib.
S.Rüstəmli həmçinin 07.12.2021-ci il tarixdə Azərbaycan Tibb Univerisitetinin professoru tibb üzrə elmlər doktoru Adil Qeybulla tərəfindən tibbi baxış keçirilib, məhkumun vəziyyətinin nisbi kafi və aktiv olduğu, özünü sərbəst idarə etdiyi müəyyən edilib və aparılmış dəstəkləyici müalicənin tam uyğun olduğu təsdiq edilib”.
Xalq Cəbhəsi Partiyasının tərəfdarı, Birinci Qarabağ müharibəsinin veteranı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və “AXCP-nin qanunsuz maliyyələşdirilməsi” haqqında saxta iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Saleh Rüstəmli noyabrın 6-dan etibarən azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.