23 Dekabr 2021
Mətni dəyiş
ABŞ Qida və Dərman İdarəsi (FDA) Amerikanın Pfizer əczaçılıq şirkəti tərəfindən Covid-19-a qarşı 12 və daha yuxarı yaşda olan riskli insanlar üçün hazırlanmış ağızdan qəbul edilən dərmanın istifadəsinə icazə verib.
Pfizer-in klinik sınaqlarından əldə edilən məlumatlar dərmanın ciddi xəstəlik riski yüksək olan xəstələrdə xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaqda təxminən 90 faiz effektiv olduğunu göstərib.
Son laboratoriya məlumatları da dərmanın koronavirusun Omikron variantına qarşı effektivliyini qoruduğunu göstərir.
İki dərmandan ibarət müalicə evdə tətbiq oluna bilər.
Köhnə virus əleyhinə dərman Ritonavir ilə alınan Pfizer dərmanları Paxlovid brendi ilə satılacaq.
Dərmanları gündə iki dəfə beş gün ərzində qəbul etmək lazımdır.
Pfizer 2022-ci il üçün istehsal proqnozunu 80 milyondan 120 milyona yüksəldib və ABŞ-da dərhal tədarükə başlamağa hazır olduğunu açıqlayıb.
Şirkət ilin sonuna kimi 180 min dərmanın hazır olacağını bildirir.
Qida və Dərman Administrasiyasının təsdiqindən əvvəl ABŞ prezidenti Co Bayden Omikron variantının səbəb olduğu halların sayının artması ilə mübarizə aparmaq üçün daha çox insanın peyvənd olunacağı və daha çox sınaq mərkəzinin açılacağı barədə vəd vermişdi.