Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi vəzifəsi ləğv olunub.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sənədə əsasən, “Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilib.
Qeyd edək ki, Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov idi.
Dövlət başçısı bu gün həmçinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Emin Zamin oğlu Hüseynov Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.