Anadolu Baş Prokurorluğu Məhkəmə Tibb Ekspertizasının rəyinə əsasən azərbaycanlı ictimai fəal Bayram Məmmədovun ölümündə cinayət tərkibinin olmadığına qərar verib.
Bu haqda press-relizi Türkiyənin Çağdaş Hüquqşünaslar Dərnəyinin (ÇHD) İstanbul şöbəsi yayıb.
Məhkəmə tibbi ekspertizasının 29 noyabr 2021-ci il tarixli yarılma rəyinə əsasən, Bayram Məmmədov “şübhəli ölüm”lə deyil, suda boğularaq həyatını itirib.
Bayram Məmmədovun 2021-ci il mayın 2-də İstanbulun Kadıköyü Moda sahili ərzisində dənizdə boğularaq öldüyü məlum olub.
Onun nəşi mayın 4-də Məhkəmə Tibb Ekspertizası tərəfindən müayinə edilib.
Türkiyə polisinin açıqlamasında bildirilirdi ki, o, başmağını dənizə salıb, götürmək üçün əyildikdə dənizə düşüb.
ÇHD məlumatında qeyd edib ki, Bayram Məmmədovun ictimai kimliyi və Azərbaycan hökuməti tərəfindən təzyiqə məruz qalması əsas götürülərək, onun öldürülməsi ehtimalı yaranıb. Bu səbəbdən də ailəsi və dostları məsələnin araşdırılması üçün şöbəyə müraciət edib. Bundan sonra Anadolu Baş Prokurorluğunda araşdırma aparılıb.
İctimai fəal Bayram Məmmədov Qiyas İbrahimovla birlikdə 2016-cı il mayın 10-da keçmiş prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək” və “Fuck the system” sözləri yazdıqdan sonra həbs olunub. Rəsmi açıqlamada deyilirdi ki, Bayram Məmmədovdan 2.904 qram, onun evindən isə 1 kiloqram 150 qram heroin aşkar edilib. Qiyas İbrahimovdan 2.607 qram, onun yaşadığı evdən isə 1 kiloqram 10 qram heroin tapılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi 2016-cı il oktyabrın 25-də Qiyas İbrahimovu, həmin il dekabrın 8-də isə Bayram Məmmədovu 10 il azadlıqdan məhrum edib. Hər iki gənc beynəlxalq təşkilatlar tərəfindən siyasi məhbus kimi tanınıb.
Onlar 2019-cu ilin martında İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıblar.
Bayram Məmmədov bir müddət idi ki, Türkiyədə yaşayırdı.