23 Dekabr 2021
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya Mərkəzi Bankı pul siyasətini sərtləşdirməsə, onlar “Türkiyədəki vəziyyətə bənzər problemlə” üzləşə bilərlər.
İllik mətbuat konfransında sualları cavablandıran Putin iqtisadiyyatda 4 faiz inflyasiya hədəfinə çatmağın vacibliyini vurğulayaraq, ekspansionist pul siyasətinin makroiqtisadi siyasətlərə mənfi təsir etdiyini deyib.
Ria Novosti xəbər verir ki, Putin iş dünyasından Mərkəzi Bankın qərarlarını tənqid edənlərə münasibət bildirib:
"Təbii ki, mən real sektor nümayəndələri ilə hər gün əlaqə saxlayıram. Onların Mərkəzi Bankla bağlı fikirlərini, arqumentlərini bilirəm. Faiz artımı ilə bağlı iqtisadiyyatda yaşanan narazılıqlardan xəbərim var. Amma bu edilməsə, biz Türkiyədəki kimi problem yaşaya bilər. Bu, ciddi problemdir”.
"Əlbəttə, bu alətlərdən ehtiyatla istifadə edilməlidir, lakin Mərkəzi Bank müstəqil siyasət aparır. Bu, sizə qəribə görünə bilər, amma mən Mərkəzi Bankın siyasətinə qarışmıram", Putin əlavə edib.
Putin həmçinin ilin sonunda işsizliyin bir qədər artaraq 4,4 faizə çata biləcəyini, lakin işsizlik səviyyəsinin iqtisadiyyatın ümumi vəziyyəti üçün yaxşı göstərici olduğunu bildirib.
Covid-19 mövzusunda ölkədə “sürü immunitetinin” 59 faizə yaxın olduğunu bildirən Putin bunun kifayət olmadığını əlavə edib. “80 faiz səviyyəsində immunitet qazanmalıyıq. Ümid edirəm ki, gələn ilk rübünün sonunda bu göstəriciyə çata bilərik”.