Rasim Qaraca - müasir ədəbiyyatımızın parlaq şəxslərindən biridir. O, Yazıçılar Birliyinə alternativ olaraq Azad Yazarlar Ocağını yaratmış və ora, azad təfəkkürlü, dövlətin ədəbiyyat strukturuna müxalif olan yazarlar toplanmışdır.
Cənab Qaraca 15 kitab sahibidir. O, Alatoran nəşriyyatının sahibi olaraq, çalışır ki, Azərbaycan oxucuları müasir ədəbiyyatla tanış olsun. Bunu nəşriyyatda ana dilimizdə çap olunan yüzlərlə müasir Avropa ədəbiyyatı nümunəsi ilə əlaqələndirmək olar.
- Rasim bəy, Sizin 15 kitabınız var. Yazmaq sizin üçün özünü ifadədən başqa nədir? Yaradıcı ideyalarınızın mənbəyi nələrdir?
- "Özünüifadə" sözü yazmaq anlayışını izah etmək üçün azdır məncə. Şablon ifadə olsa da deyim, yazmaq daha çox həyat tərzidir. Dünyada çox sayda yaxşı yazar var, eyni zamanda çox sayda orta səviyyəli və aşağı səviyyəli yazar var. Onların hər biri öz əməyindən məmnundur, böyük dəyər yaratdığından əmindir və sağlığında olmasa da ölüb gedəndən sonra kəşf olunacaqlarına inanırlar. Onları əhatə edən bu sirr pərdəsini yırtmaq, məsələn kimisə yazdıqlarının elə-belə şeylər olduğuna inandırmaq mümkün deyil. Yazmaq sirli bir hadisədir, onda sehir var. Buna görə də usta yazarlar sanki sehrbazlıq edirlər, yazmaq sənətinin sehrkarlığı ilə bacardıqca manupilyasiya eidrlər. Mən yazının, yazmanın, yazıçılığın bu tərəfi daha çox maraqlıdır. Sözlər, məna kombinasiyaları, sirrli olanı görmək, onların gerçək həyatdakı sınmalarını izləmək, təkrarı olmayan, bəşər tarixində yalnız bircə dəfə baş verən hadisələr strukturlaşdırmaq, yalnız mənim yaza biləcəyim mətnlər yaratmaq - yazmaq mənim üçün bunlar deməkdir, burada öz nadir potensialımı görürəm və bu mənə ilham verir.
- Doxsanıncı illərdə Rusiyadan qayıtdınız və qarşınıza çıxan əngəllərə görə məcbur qalıb, "Azad Yazarlar Ocağı" ədəbiyyat qurumunu təşkil etdiniz. AYO - Yazıçılar Birliyinə müxalifliyi və alternativliyi ilə fərqlənir. Sovet dövründən bəri AYB ilə ulduzunuz barışmayıb. Bu hadisələri "Zülmətdə alatoran" avtobioqrafik romanında detallı təsvir etmisiniz. Aradan uzun illər keçəndən sonra necə düşünürsünz, o vaxtkı əngəllər olmasaydı, indiki, hazırki Rasim Qaraca necə olacaqdı?
- Sovetlərin nə olduğu hər kəsə məlumdur - insanlar üzərində maksimum kontrol, şəxsi həyata müdaxilə və ümumən şəxslərin, şəxsiyyətlərin varlığına, azad sözə, müstəqil düşüncəyə dözümsüzlük. Göz önündə olan sənət adamları, yazıçılar xüsusi olaraq nəzarət altındaydılar. Mənim sovetlər dağılanda artıq 30 yaşım vardı və o zamana qədər cəmi 3 şeirimi çap etdirə bilmişdim, yəni özünüifadənin sıfır nöqtəsində. Ölkəmiz müstəqil olmuşdu, mən azadlığı bilavasitə öz canımda hiss edirdim, sovetlərin dağılması mənim çap olunmaq azadlığım idi. Lakin 10 il keçəndən sonra ədəbiyyat aləmində heç nə dəyişmədi, və bu günün özünə qədər Azərbaycan hakimiyyətinin yazıçılarla işləmə modeli 1934-cü ildəkindən fərqli deyil. Sadəcə internet sayəsində hər kəs öz əsərini istədiyi kimi yaya bilir. Mən bu yanaşma ilə barışmamışam, özümə həmfikirlər taparaq yeni bir yazıçı formasiyası yaratmağa çalışmışam. Bu kiçik bir işdir, əslində hər bir yazıçının atmalı olduğu addımdır. Lakin yazıçıların böyük çoxluğunun susması, köhnə sistemlə barışması mənim hərəkətimi nəzərəçarpan edib. Nə üçün böyük çoxluq barışmaq yolunu tutur, bax bunun sirrini mən bilmirəm. Nə üçün kimlərsə barışmır. Vaxtında oxuduğumuz hansısa kitablar bizi barışanlar sinfinə qatılmağa qoymur, bəlkə də rastımıza çıxan hansısa bir insan, onun zamanında söylədiyi hansısa bir söz, müəmmadır.
- Siz həm də naşirsiniz. Naşir olmaq istəyi nədən yarandı, çevrənizdə olan gənc yazarlara kömək etmək istəyindən ola bilərdimi?
-Belə deyərdim, uzun illər çap olunmamaq, kitab buraxmağın əlçatmaz bir arzu kimi beynimdə möhürlənmiş olması bu ecazkar poliqrafik məhsula qarşı qəlbimdə heyranlıq yaratmış ola bilər. İşin gerçəyi isə belədir ki, "Alatoran" jurnalını nəşr etdiyimiz zamanlarda jurnala əlavə olaraq kitablar da nəşr etməyə başladıq. İllər keçdikcə bu nəşrlərin sayı artdı, anbara və ofisə ehtiyac yarandı. Sonra kənardan sifarişlər və tərcümə layihələri nəşriyyat olaraq ayaqda qalmağımıza yardım etdi. Zorən naşir oldum deyə bilərəm. Lakin bu işi böyüdüb biznes struktura çevirmək haqqında demək olar ki düşünmədim. Özümün yazar kimliyimi daha qiymətli bilirəm, naşirlik mənə görə yardımçı bir məşğuliyyətdir.
-Yazmaqdan və nəşriyyatdan savayı, hansı hobbi və maraqlarınız var?
- Hobbim nadir sözləri, söz birləşmələrini və deyimləri toplamaqdır. Bundan zövq alıram, onları təsnif edərkən dincəlirəm. Buna görə də mənim üçün maraqlı olmayan insan yoxdur, hər təbəqənin öz leksikonu var, onların mühitində olmaq, danışıqlarına fikir vermək mənim üçün çox əyləncəlidir. Hesab edirəm ana dilimizin bütün təzahürlərini toplamaq, qorumaq lazımdır. Məktəb yaşlarından başlayaraq yalnız atalar sözlərini və məsəlləri toplayırdım, son illər lüğətlərə düşməyən sözləri də buna əlavə etməyə başladım. Belə sözlər həddən artıq çoxdur, sadəcə olaraq onlara diqqət vermək lazımdır. Deyim ki, rəsmi elmi dairələr tərəfindən tərtib edilən lüğətlər çox naqisdir, sxematikdir və qondarma ünsürlərlə doludur. Sanıram təkbaşına gördüyüm bu iş öz sahəsinin şah əsəri olacaq.
- Bilirəm, "Arqo deyimlər" kitabınız var, bu kitab kimlərsə tərəfindən vulqar, digərləri tərəfindən də həm məzəli, həm də faydalı kitab hesab olundu. Hazırda kitab tükənib. Arqo deyimlər - yenidən nəşr olunacaq?
- Topladığım bütün deyimləri, "Arqo deyimlər" də daxil olmaqla, bir kitabdab birləşdirmək istəyirəm. Bunu etməklə ənənəvi düşüncəyə qarşı olduğumu, sözlərin kastalara bölünməsinə etirazımı ifadə eədcəm. Ana dilimizdəki bütün sözlər lüğətə düşməkdən ötrü bərabər hüquludur mənə görə. Kimlərinsə bir sözlüyü vulqar saymasını yalnız o kəslərin əxlaqsızlığı ilə müqayisə edə bilərəm.
- Yazmaq qabiliyyətini inkişaf etdirməyə meyilli gənclərə hansı əsaslı tövsiyələriniz olardı?
- Mənə görə yazmağı körükləyən bir ünsür var, o da oxumaqdır. Çox oxumaqdan, beynini informasiya ilə doldurmaqdan danışmıram. Zamanla hər bir mədəni insanın özünün xəyal dünyasına uyğun kitab seti olur. Bəzən bu kitabların sadəcə bir səhifəsini oxumaq sənin yaradıcılıq mühərrikini işə salır, xəyal aləmini canlandırır və sən özünü bədiyyat dünyasının içərisində hiss edirsən. Bu gün dünyadakı ədəbiyyatın və incəsənətin payı dünyanın elə özü qədər vardır deyərdim, yəni real dünyaya qayıtmadan bədiiyyat dünyasında yaşamaq mümkündür. Zatən bugünkü dünya və insanlar bir çox cəhətiylə ədəbiyyatın məhsuludur. İnsanlar özlərini roman qəhrəmanlarına bənzədir və öz həyatlarını onların həyatı ilə müqayisədə dəyərləndirir . . . Sizin sualınızdan bir qədər uzaqlaşdım. Mən gəncləri ruhdan salacaq sözlər söyləmək istəməzdim. Lakin yazmaq böyük cəsarət və fədakarlıq istəyir. Yazmaq mənə görə ictimai bir prosesdir, fərdi olduğu qədər də kollektiv bir əyləmdir. Sən yazarkən içərisində olduğun ədəbiyyat prosesinə qoşulursan, bu və ya digər mənada onun məhssulu və ya davamısan. Bu mənada hər bir yazan adan öz milli ədəbiyyat prosesi qarşısında sorumluluq daşıyır – onun sağlam olmasından cavabdehdir. Hal-hazırdakı Azərbaycan ədəbiyyat prosesini mən durğunluq içərisində görürəm. İlk növbədə gənclər bu durğunluqdan çıxış yollarını axtarmalıdır, durğunluğa səbəb olan amillər dilə gətirilməlidir. Əks halda onların mövzu dairəsi get-gedə daralacaq, sağlam qanın dövran etmədiyi iltihablı bir gölməçəyə çevriləcək.
- Yazıçılar Birliyi ilə münasibətləriniz ictimaiyyətə məlumdur. Bəs orada yer alan kimlərlə həyatda yaxşı münasibətiniz var?
- Özünə yazıçı deyən insan Yazıçılar Birliyinə üzv olmamalıdır. Necə ola bilər öz üzərində tarixi cinayətlər daşıyan, buna görə üzr istəməyən, üstəlik bənzəri əməllərə davam edən bir təşkilatın sıralarında olasan, eyni zamanda özünə yazıçı deyəsən. Bu həmin əməllərə şərik olmaq, məsuliyyəti üzərindən atmaq deməkdir, başqa adı yoxdur. Yazıçılar Birliyinin üzvlərindən heç kimlə yaxşı münasibətlərim yoxdur, var olan münasibətlər də vətəndaş məsuliyyətini dərk etməyən bir insanla münasibət necə olarsa o cürdür.
- Azad Yaşar, Yazıçılar Birliyinə üzv olanda, onun Anarla şəkili feysbukda paylaşıb, təqdim olunan üzvlük kartını vulvaya bənzətmişdiniz. Bunu yəqin özünüz də aşkar təhqir kimi qiymətləndirirsiniz. Sizcə Azad Yaşarın bu addımı maddi ehtiyacdan qaynaqlanırdı ya bir başqa səbəb vardı?
- Bunu Azad Yaşarın özündən soruşmaq lazımdır. Azad bu addımı nə üçün atdı sualına onun özündən çox mən cavab verməli oluram nəyə görəsə. Bu onun özünün müstəqil addımıdır, suallarada sanıram özü cavab verməlidir. Azad Yazarlar qrupundan heç kimin mövqe dəyişdirməsi cəmiyyətdə bu qədər heyrət doğurmamışdı, Azad özünün kristal xarakteri ilə fə rqli bir imaj yaratmışdı ədəbiyyat adamları arasında, lakin zaman keçir, fikirlər, mövqelər və xarakterlər də dəyişir, hər şey öz mahiyyətinə qayıdır. Bəlkə də buna təbii baxmalıyıq.
- Nə vaxtsa Anar Rzayevlə qarşılaşsanız, ona nə deyərsiniz?
- Anara olan sözümün hamısını demişəm öz yazılarımda, indi də deyirəm: bu adam ədəbiyyatımızın şanssızlığıdır, uzun illərdir ədəbiyyat prosesini tormozlamaqdadır, sanki proses varmış kimi görüntü yaratmağın mahir ustasıdır. Xalq və hakimiyyət onu sevir, heç nə edə bilməzən, öz avtoriteti ilə köhnə strukturu qoruyub saxlamaqdadır və ortada olan fakt budur ki, istedadlı qələm adamları 300 manat məbləğində təqaüdün və ev növbələrinin girovuna çevrilib. Belə münasibətlər olan yerdə heç zaman böyük ədəbiyyat yarana bilməz.
- Bu yaxında VI Tblisi Beynəlxalq Ədəbiyyat Festivalında iştirak etdiniz. Festival barədə təəsüratlarınız necədi? 10 günlük festival ərzində nələr elədiniz?
- Gürcüstanda yazıçılar ədəbiyyat proseslərinin yeni modelə keçməsinə nail olublar. Oaradakı Yazıçılar Evi (Writer House) yeni, modern üslubda bir təşkilatdır. Fərz et AYO orada qalib gəlib. Bizim Yazıçılar Birliyinə ayrılandan daha az büdcə ilə beynəlxalq ədəbiyyat festivalları keçirirlər, öz yazarlarının xaricdə nəşr olunmasına dəstək verirlər və gürcü yazarların dünyada təbliğ olunmasına da imkan tapırlar. VI Tblisi Beynəlxalq Ədəbiyyat Festivalı barədə təəssüratlarım yüksəkdir. Dünyanın fərqli yerlərindən olan yazarlarla və şairlərlə yaxından təmas insana çox şey qazandırır. Ən azından özümüzün necə acınacaqlı durumda olmağımızı fərqli bir bucaq altından daha yaxşı görürsən və bu halı dəyişdirməkdən ötrü yeni bir qeyrət dalğası sənə hakim kəsilir.
- Biz qonşu dövlətlərik. Mentalitetimiz də çox yaxındır. Gürcüstandakı kitab sənayesi və oxucu kütləsi ilə Azərbaycandakı sahələr arasında hansı qabarıq fərqləri sezirsiniz?
- Təkcə onu deyim ki, Tbilisidə hər addımda kitaba rast gəlirsən, küçədə kitab satmaq bizdəki mkimi qadağan deyil və kitab dükan şəbəkəsi də bizdə olduğundan daha geniş təəssüratı bağışlayır. Rast gəldiyim gürcü yazarları sürəkli olaraq dünyadakı ədəbiyyat festivallarına iştirak edirlər, bu səyahətlərin pulunu Yazarlar Evi qarşılayır. Eyni zamanda Yazarlar Evinin iqamətgahında xaricdən gələn yazarların qonaqlanması üçün də çox yaxşı şərait yaradılıb. Mənim festivalda iştirakımın bütün xərclərini Yazarlar Evi qarşıladı, üstəlik 270 avro həcmində əlavə xərclik də verdilər - kasıb Gürcüstanın Yazarlar Evi bunu edir. Bunu misal üçün deyirəm ki, fərqi hiss edə biləsiz.
- Ədəbiyyat sahəsinin inkişafı üçün yaxın perespektivdə Azərbaycanda hansı resursların yaranması ilə bağlı proqnozlarınız var? Dövlət dəstəyini saymasaq.
-Açığı deyim, ədəbiyyat sahəsində yaxın perspektivdə yaxşılığa doğru nəyinsə dəyişəcəyini çox da inanmıram. Hətta qanunlar dəyişsə, yetəri qədər büdcə ayrılsa, qərb modelinə uyğun bir idarəçilik tətbiq edilsə belə, yaxın zamanda bunu etmək mümkün olmayacaq, çünki yeni gələn bir neçə nəsil köhnə yazıçı modelinə uyğunlaşıb, onların beynini dəyişmək asan olmayacaq. Yeni nələrsə etməkdən ötrü yazıçılar arasında güclü vətəndaş həmrəyliyinə ehtiyac var, lakin yeni meydana çıxan ən gənc yazarlar belə, ədəbiyyata ələbaxımlıq "strategiyası" ilə gəlir, qələm adamlarında şəxsi maraq ictimai marağı çoxdan kölgədə qoyub.
- Aqşin Yenisey, Əli Əkbər, Günel Mövlud, Seymur Baycan ədəbiyyata yeni model gətirib, cığır açmadı ki?! Onların fəallığı, yazdıqları ədəbiyyat üçün təzə nəfəs sayılmır?
-Adını çəkdiyin yazarlar yaxşı nümunə sərgilədilər, hər birinin ədəbiyyat sahəsində atdığı addımları qəhrəmanlıq saymaq olar. Ancaq onların yaratdığı dalğa özündən sonra yeni dalğa yaratmadı. Bəlkə də onların nəzərləri daha çox öz şəxsi pesonalarına yönəldi, ədəbiyyata gələn boz axın içərisindən parlaq imzaları seçib onlara dəstək vermədilər – yeni dalğa yalnız bu cür yarana bilərdi, - bu yönləriylə hər zaman tənqid etdikləri yaşlı nəslə bənzədilər. Özünə qapanmaq, öz şöhrətinin əsirinə çevrilmək yazıçı üçün çox təhlükəlidir. Təsadüfi deyil ki, adını çəkdiyiniz yazarların heç biri öz əvvəlki səviyyələrini qoruya bilmədi.
Söhbətləşdi: Orxan AdıgözəlMüsahibə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində hazırlanıb.