7 Dekabr 2021
Mətni dəyiş
Böyük Britaniya və ABŞ-da yaşayan çox sayda Rohinca qaçqını Myanmada onlara qarşı nifrət nitqinin yayılmasına icazə verməkdə ittiham etdikləri sosial media nəhəngi Facebook haqda 150 milyard dollarlıq iddia qaldırıblar.
BBC-nin verdiyi xəbərə görə, Facebook açılan iddiada "illər boyu nifrət dolu və yalan məlumatların yayılmasına icazə verməkdə" günahlandırılır.
İddialara hələ cavab verməyən Facebookdan 150 milyard dollar təzminat tələb edilib.
İngiltərədə məhkəmə iddiası qaldıran bəzi qaçqınları təmsil edən İngilis hüquq firmasının Facebooka göndərdiyi məktubda sosial media platformasının alqoritmlərinin “Rohinca xalqına qarşı nifrət nitqini gücləndirdiyi” qeyd edilib.
ABŞ-ın San-Fransisko əyalətində bəzi hüquqşünaslar oxşar iddialarla Facebook-a qarşı şikayət ediblər.
Facebook 2018-ci ildə etiraf etmişdi
Myanmada 20 milyondan çox istifadəçisi olan Facebook 2018-ci ildə Rohinca xalqına qarşı zorakılıq və nifrət nitqinin qızışdırılmasının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini etiraf edib.
Birləşmiş Millətlər Təşkilatı (BMT) həmçinin Facebook-u 2018-ci ildə kibernifrət yaymaqda "ləng və təsirsiz olmaqda" ittiham edib.
Rohinca müsəlmanlarına qarşı etnik təmizləmə
2012-ci ildə Myanmanın Arakan əyalətində buddistlərlə müsəlmanlar arasında qarşıdurma baş verib, əksəriyyəti müsəlman olmaqla minlərlə insan həlak olub, yüzlərlə ev və iş yeri yandırılıb.
25 avqust 2017-ci ildə Arakandakı sərhəd postlarına eyni vaxtda hücumları əsas gətirərək Myanma ordusu və buddist millətçilər kütləvi zorakılığa başlayıblar.
BMT-nin məlumatına görə, 2017-ci ilin avqustundan sonra Arakandakı qəddarlıq və zülmdən qaçaraq Banqladeşə sığınanların sayı 900 mini keçib.
Beynəlxalq insan haqları təşkilatları dərc etdikləri peyk görüntüləri ilə yüzlərlə kəndin dağıdıldığını sübut ediblər.
BMT və beynəlxalq insan haqları təşkilatları arakanlı müsəlmanlara qarşı zorakılığı “etnik təmizləmə” və ya “soyqırım” adlandırırlar.