20 Dekabr 2021
Mətni dəyiş
Katolik dünyasının ruhani lideri Papa Fransisk bildirib ki, qadınlara qarşı zorakılıq özünü müdafiə edə bilməyən insana qarşı edilən “şeytani bir hərəkətdir”.
Roma Papası İtaliyanın TG5 kanalında bazar günü qatıldığı proqramda məişət zorakılığının qurbanı olan 4 uşaq anası Covannanın sualını cavablandırıb.
Evlərində ərləri tərəfindən döyülən və zorakılığa məruz qalan qadınların sayının çox olduğunu deyən Papa Fransisk əlavə edib: “Bu, az qala şeytani bir hərəkətdir, çünki özünü qoruya bilməyən, sadəcə yumruqlar qarşısında dözməyə çalışan bir insanı əzir. Ayıbdır, çox ayıbdır”.
Döyülən qadınların alçaldıldığını vurğulayan Papa Fransisk Covannaya "Mən səndə şərəf görürəm, çünki şərəfin olmasaydı, burada olmazdın" deyib.
Xüsusilə pandemiya dövründə qadınların zorakılıq edənlərlə eyni evdə qalmaları səbəbindən məişət zorakılığı artıb. Polis qeydlərinə görə, İtaliyada son bir ayda yayımlanan məlumatlara əsasən, hər gün qadınlara qarşı 90 zorakılıq hadisəsi baş verir. Bunların 62 faizinin məişət zorakılığı olduğu bildirilib.
Pandemiya zamanı bir çox ölkədə zorakılıq hallarının artdığına dair xəbərlər yayılıb. Birləşmiş Millətlər Təşkilatı (BMT) Covid-19 dövründə qadınlara qarşı zorakılığı “kölgə pandemiyası” kimi qiymətləndirib.
BMT-nin Qadın Strukturunun məlumatına görə, pandemiya dövründə “ön cəbhələrdən gələn bilgilər və hesabatlar qadınlara və qız uşaqlarına qarşı hər cür zorakılığın, xüsusilə məişət zorakılığının artdığını” göstərir. Pandemiyadan əvvəl də dünyada hər 3 qadından birinin əsasən partnyorları tərəfindən fiziki, ya da cinsi zorakılığa məruz qaldığı bildirilir.