"Sərhədsiz reportyorlar" beynəlxalq jurnalist təşkilatı Azərbaycan hakimiyyətini "Media haqqında" qanun layihəsinə yenidən baxmağa çağırıb.
Bu barədə təşkilat dekabrın 29-da bəyanat yayıb. Açıqlamada deyilir ki, yeni qanun layihəsi Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasının prinsiplərinə ziddir.
Bəyanatda bildirilir ki, Azərbaycan Milli Məclisinin deputatları ötən ilin yazından gizli hazırlanan "Media haqqında" qanun layihəsini dekabrın 30-da üçüncü və yekun oxunuşda qəbul etməyə hazırlaşırlar:
"Dekabrın 28-də 30-dan çox müstəqil və müxalifətyönlü jurnalist Milli Məclisin qarşısında qanun layihəsinə etiraz edib. Reportyor Nərgiz Absalamova polis əməkdaşı tərəfindən döyülüb və büzdüm sümüyü sınıb. Bu, polisin repressiyasına baxmayaraq, həmin məsələ ilə əlaqədar ikinci etiraz aksiyası idi".
Təşkilat bildirib ki, yeni qanun layihəsi jurnalistlərin reyestrinin və vahid mətbuat kartının yaradılmasını nəzərdə tutur:
"Yalnız bu kartı olanlar və KİV-ləri hakimiyyət tərəfindən qeydiyyatdan keçənlər jurnalist statusundan istifadə edə biləcəklər. Digərləri onların fəaliyyətinin, əsasən də, onlara məhəl qoymayan rəsmi mənbələrlə iş zamanı fəaliyyətlərinin məhdudlaşdırılması ilə üzləşə bilərlər. Məhz dövlət özbaşına şəkildə kimin jurnalist olub-olmadığını müəyyən edəcək, qeydiyyatdan keçmiş bütün jurnalistlərə və KİV-lərə dair siyahı və şəxsi məlumatlar (ünvanlar, bank hesabları, müqavilələrin və sair) hakimiyyətdə olacaq. Bütün bunlar jurnalistləri əlavə riskə məruz qoyur”.
"Həmçinin qanun layihəsi şəxsin istənilən təsvirinin, hətta ictimai yerdə, onun yazılı icazəsi olmadan yayılmasını qadağan edir. Bu, seçkilərin saxtalaşdırılmasını sübut edən foto və ya videoların dərcindən qaçmaq üçün yoldur”, – bəyanatda qeyd olunur.
"Yeni qanun xaricdə yerləşən KİV-in işini daha da çətinləşdirəcək. Məsələn, Berlində yerləşən "Meydan” TV və ya digər internet-telekanallar kimi. Azərbaycanda qeydiyyatı olmadan həmin KİV-lərin müxbirlərinin fəaliyyəti qanunsuz olur”,- deyə təşkilat vurğulayıb.
"Sərhədsiz reportyorlar”ın Şərqi Avropa və Mərkəzi Asiyada bölməsinin rəhbəri Janna Kavelye deyib ki, qeyri-dəqiq formullarla və ziddiyyətlərlə dolu olan qanun KİV üzərində nəzarətə və senzuranın leqallaşdırılmasına yönəlib: "Qanun Azərbaycan Konstitusiyasının informasiya azadlığı haqqında 50-ci maddəsini və Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı haqqında 10-cu maddəsini pozur. Dövlət jurnalistlərin peşə fəaliyyətinə müdaxilə edərək öz səlahiyyətlərindən kənara çıxır”.
Qanun layihəsi dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib. Dekabrın 30-da isə üçüncü oxunuşdan keçəcəyi gözlənilir.
Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb. Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.