"Azərbaycanda hər il əmək bazarına təxminən 100 mindən çox gənc daxil olur və bu da əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar: "Digər tərəfdən ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil".
S.Babayev son 4 ildə əmək müqavilələrinin sayının 30% artaraq 1 milyon 685 minə çatdığını, əməkhaqqı fondunun 92% artdığını qeyd edib: "Dövlət məşğulluq xidmətləri vasitəsilə 230 min şəxs işlə, 122 min şəxs ödənişli ictimai işlərlə, 36 min şəxs özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib. 7 min şəxs peşə hazırlığına, 292 min şəxs peşəyönümü məsləhət xidmətlərinə cəlb edilib, 8 485 şəxsə işsizlikdən sığorta təyin olunub ki, bu ödənişlərdə də 30% artım qeydə alınıb".
Onun sözlərinə görə, “Məşğulluq” altsistemində 110 min vakansiya qeydiyyata alınıb və hazırda 14 min aktiv vakansiya var.