10 Dekabr 2021
Mətni dəyiş
Bu gün vəkil Bəhruz Bayramov Gədəbəy Rayon İcra Hakimiyyətinin həbsdə olan keçmiş başçısı Saleh Rüstəmli ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.
Bu barədə vəkil özü məlumat verib. Onun sözlərinə görə, S.Rüstəmli aclıq aksiyasını davam etdirdiyini bildirib: "Artıq 35-ci gündür. Mənə dedi ki, ağrılardan yata bilmir. Çox halsız idi…".
B.Bayramov əlavə edib ki, S.Rüstəmlinin işi ilə bağlı Ali Məhkəmənin Plenumuna və Nizami Rayon Məhkəməsinə müraciət olunsa da, hələlik proseslər təyin olunmayıb. Ali Məhkəmənin Plenumundan bu işə yenidən baxılması, Nizami Rayon Məhkəməsindən isə S.Rüstəmlinin səhhətinə görə azadlığa buraxılması istənilir.
Saleh Rüstəmli 2018-ci il mayın 8-də narkotik ittihamıyla tutulub. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Mayın 25-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç funksioneri (Aqil Məhərrəmov, Babək Həsənov və Ruslan Nəsirov) tutulub. Bundan sonra ittihamların dəyişdiyi bəlli olub. Onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini yuyulmasında günahlandırılırlar. AXCP ittihami yalanlamışdı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmli 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Onların hamısı məhkəmədə ittihamları qəbul etməyiblər. B.Həsənov bu il martın 18-də əfv sərəncamı ilə azadlığa buraxılıb.