13 Dekabr 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Saleh Rüstəmli aclıq aksiyasının 38-ci günündə quru aclığa keçib.
Bu barədə S.Rüstəmlinin oğlu Sezgin Rüstəmov məlumat verib.
AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmli artıq 38 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmli həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.
O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.
Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmlinin tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bu günədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal dekabrın 1-də aksiya keçirib. Həmin aksiyada fəallar polis zorakılığı ilə üzləşib, saxlanılanlar və xəsarət alanlar var.