8 Dekabr 2021
Mətni dəyiş
33 gündür aclıq aksiyası keçirən Saleh Rüstəmovun vəziyyətinin ağırlaşdığı bildirilir. Bu barədə vəkili Bəhruz Bayramov Meydan TV-yə danışıb.
Vəkil yarım saat əvvəl Saleh Rüstəmovu ziyarət etdiyini və ona sistem köçürüldüyünü deyib.
“Mən yanında olanda Penitensiar Xidmətin Baş Tibb Müəssisəsindən gəlib müayinə edirdilər, sistem köçürülür. Hazırda yaxınları Saleh bəyin yanındadır. Mən Ombudsman Səbinə Əliyeva ilə görüşə gedirəm deyə Saleh bəyin yanında çıxdım”,-vəkil belə söyləyib.
Həmçinin dekabrın 7-də professor Adil Qeybulla da Saleh Rüstəmovu müayinə edib.
Bunu Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmov deyib.
Taleh Rüstəmov qardaşının vəziyyətinin ağır olduğunu təsdiqləyib və amma onun aclığı dayandırmayacağını bildirib:
“Adil Qeybulla Salehə səhhətində ciddi problemlərin yarandığını əsas gətirərək aclığı dayandırmağı məsləhət görüb. Ancaq Saleh imtina edib, deyib ki, ortada nəticə yoxdursa, davam edəcək”.
“Biz də ona aclığı dayandırmağı xahiş etdik, hətta övladlarının da təkidini çatdırdıq ki, sənin başına bir şey gəlsə, onlar üçün ağır olacaq. Cavab verdi ki, yox, dayandırmayacaq, uşaqlar da alışacaq”,-Taleh Rüstəmov.
T.Rüstəmov S.Rüstəmova sistem köçürüldüyünü təsdiqləyib.
AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 33 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.
O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.
Bir qrup ziyalı, jurnalist və hüquq müdafiəçisi Saleh Rüstəmovun tələblərini yerinə yetirilməsi üçün ölkə rəhbərliyinə, ictimaiyyətə müraciət edib. Bugünədək rəsmi olaraq heç bir addım atılmayıb. Buna görə də bir qrup fəal aksiya keçirmək qərarını verib və dekabrın 1-də, saat 15.00-da Bakının “Fəvvarələr bağı”nda aksiya reallaşdırılıb.