Dünyanın ən kasıb ölkələrindən hesab olunan Şri-Lanka İrana olan 251 milyon dollarlıq neft borcunu bağlamaq üçün hər ay 5 milyon dəyərində Seylon çayı göndərəcək.
Məlumata görə, bu təklif Şri-Lanka hökumətindən gəlib, İran da qəbul edib.
İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman-Pak bildirib ki, son danışıqlarda İrana olan borcun və onun faizinin bu şəkildə ödənilməsi istiqamətində yazılı razılığa gəliblər.
Şri-Lanka hökuməti bildirib ki, bu addımla onlar beynəlxalq aləmin İrana tətbiq etdiyi sanksiyaları pozmurlar, çünki çay kimi qida məhsulları sanksiyaların təsiri altına düşmür.
İran həm beynəlxalq sanksiyalar, həm pandemiya (Covid-19) səbəbindən çətin dövrlərini yaşayır. Şri-Lanka da turizm sahəsində yaranan çətinliklərdən sonra iqtisadi böhran yaşayır. Tarixində ilk dəfə olacaq ki, ölkənin ən çox ixrac olunan məhsulu xarici börcu ödəmək üçün istifadə olunacaq.