Belarus müxalifətinin lideri, prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın həbsdə olan siyasətçi həyat yoldaşı Sergey Tixanovski 18 il müddətinə azadlıqdan məhrum edilib.
6 aydır davam edən qapalı məhkəmə proseslərindən sonra verilən qərar siyasi sifariş hesab olunur. Sergey Tixanovski 2020-ci ildə Belarusda keçirilən prezident seçkilərinə namizədliyini açıqladıqdan sonra həbs olunub.
O, dövlət çevrilişinə cəhddə ittiham olunub.
Qomeli Vilayət Məhkəməsinin Cinayət İşləri üzrə Kollegiyası Mərkəzi Seçki Komissiyasının işinə maneçilik törətməklə kütləvi iğtişaşların təşkili və sosial ədavətin qızışdırılması işi üzrə daha 5 nəfərə hökm çıxarıb.
Məhkəmə Sergey Tixanovskini 18 il, Nikolay Statkeviçi 14 il, İqor Losiki 15 il, Artem Sakovu 16 il, Vladimir Tsıqanoviçi 15 il, Dmitri Popovu isə 16 il müddətinə həbs cəzasına məhkum edib. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.