27 Dekabr 2021
Mətni dəyiş
Əfqanıstanda Talibanın yenidən iqtidara gəlməsi ilə başlayan proses qadın hüquqlarının daha da məhdudlaşdırılması ilə davam edir. Əvvəllər qadınlara verilən qismən hərəkət azadlığı hökumətin yeni açıqlaması ilə bir daha məhdudlaşdırılıb.
“72 kilometrdən çox yol qət edən qadınlar yaxın ailə üzvlərinin müşayiəti olmadan heç yerə gedə bilməzlər”, - deyə Xeyrə Dəvət və Şərdən Çəkindirmə Nazirliyinin sözçüsü Sadiq Akif Mühacir bildirib.
Nazirlik açıqlamasında bütün nəqliyyat vasitələri sahiblərini yalnız hicablı qadınlara xidmət göstərməyə çağırıb.
Daha əvvəl Əfqanıstan televiziya kanallarından qadın aktyorların iştirak etdiyi serialların nümayişini dayandırmağı tələb edən nazirlik nəhayət, qadın televiziya müxbirlərini təqdimat zamanı hicab taxmağa çağırıb. Bundan əlavə, nazirliyin açıqlamasında insanlardan avtomobillərində musiqi çalmamaq da xahiş olunub.
Taliban administrasiyası avqust ayında evdən çıxan qadını kişi qəyyumun müşayiət etməsi şərtinin yalnız üç gün və ya daha çox davam edən səfərlər üçün keçərli olacağını bildirmiş, məktəbə, işə, universitetə və ya xəstəxanaya gedərkən bu qaydanın tətbiq edilməyəcəyini açıqlamışdı.
“Qız şagirdlər məktəbə gedə bilmir”
Digər tərəfdən, bu ayın əvvəlində qadın hüquqlarının riayət edilməsi üçün fərman verən Taliban bu nöqtədə məhdudiyyətləri davam etdirib. Bir çox əyalətlərdə məktəblərin açılmasına baxmayaraq, “qız şagirdlər orta təhsildən uzaqlaşdırılmağa” davam edir.
İqtisadi böhran içində olan ölkənin beynəlxalq yardımlardan faydalanması üçün qadınların hüquqlarında yaxşıya doğru islahatlar etməsi tələb olunur.
1996-2001-ci illərdə Əfqanıstanda Taliban hakimiyyəti dövründə işləmək və təhsil almaq qadağan edilən qadınlara evdən yalnız kişi müşayiətçi ilə çıxmağa icazə verilirdi.
Sentyabrda müvəqqəti hökumətin elan edilməsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ heç bir ölkə Taliban hökumətini rəsmən tanımayıb.