17 Dekabr 2021
Mətni dəyiş
Əfqanıstanın pul vahidi əfqaninin dəyəri azalmaqda davam edir.
Əhalinin yarıdan çoxunun kifayət qədər ərzaq tapa bilmədiyi ölkədə ağır iqtisadi böhran vəziyyəti daha da pisləşdirir, yoxsulluğu dərinləşdirir.
Əfqani bəzi itkilərini bərpa etməzdən əvvəl həftənin əvvəlində bir gündə ABŞ dolları qarşısında 12 faiz geriləyib. Devalvasiya artıq əfqanlara son dərəcə mənfi təsir göstərir.
Beynəlxalq ictimaiyyət ölkənin xaricdəki milyardlarla dollarlıq aktivlərini dondurduqdan sonra Əfqanıstan iqtisadiyyatı durmadan pisləşir.
Avqustun ortalarında ABŞ və NATO qoşunlarının çıxarılması və Talibanın hakimiyyətə gəlməsindən sonra ölkəyə bütün beynəlxalq dəstək fondları dayandırılıb. Beləliklə, böyük ölçüdə xarici yardımdan asılı olan ölkədə böhran dərinləşib.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramının məlumatına görə, Əfqanıstanda 38 milyon insanın 22,8 milyonu hazırda ərzaq çatışmazlığı ilə üz-üzədir və ölkədə məhdud qidalanma artmaqdadır.
İnfilyasiya sürətlə artır
Koronavirus pandemiyası, şiddətli quraqlıq və Taliban siyasəti çoxlarını işsiz qoyub. Valyutanın dəyərinin düşməsi ərzaq məhsullarının da bahalaşmasına səbəb olmaqla ciddi inflyasiyaya gətirib çıxarır.
Taliban hakimiyyəti ələ keçirməmişdən əvvəl əfqani avqust ayında dollara qarşı 80 məzənnəsi ilə mübadilə edilirdi və oktyabrda bu rəqəm 90-a yüksəlib. Ötən bazar günü 110, bazar ertəsi isə 123-ə satılıb.
Cümə axşamı günü 1 dollar 100 əfqani qarşılığında mübadilə edilib.