20 Dekabr 2021
Mətni dəyiş
Elektrikli avtomobil istehsalçısı “Tesla”nın təsisçisi Elon Mask sosial mediada bu il 11 milyard dollar vergi ödəyəcəyini açıqlayıb.
Demokrat senator Elizabet Uorrenin Maskın “Time” jurnalı tərəfindən “İlin adamı” seçilməsindən sonra paylaşdığı sosial media mesajında “Gəlin ədalətsiz vergi qanununu dəyişdirərək “İlin adamının” həqiqətən vergi ödəməsini təmin edək və başqalarının hesabına varlanmasına mane olaq” ifadələrinə Elon Mask da elə Twitter vasitəsilə cavab verib.
“Gözlərinizi 2 saniyəyə açsanız, görərsiniz ki, bu il Amerika tarixində ən çox vergi ödəyəcəm” – Mask yazıb.
Musk bugünkü paylaşımında bu məbləği “Maraqlananlar üçün bu il 11 milyard vergi ödəyəcəyəm” sözləri ilə açıqlayıb.
Cənubi Afrika əsilli Mask hazırda dünyanın ən zəngin adamıdır və onun şirkəti “Tesla”nın dəyəri təxminən 1 trilyon dollardır. Mask yenidən sosial şəbəkədəki izləyicilərindən “Tesla”dakı səhmlərinin 10 faizini satması barədə məsləhət alıb və verilən cavablardan sonra şirkətdəki 5 milyard dollarlıq səhmlərini satıb. Mask son həftələrdə “Tesla”nın təxminən 14 milyard dollarlıq səhmini satıb.
SpaceX-in qurucusu və CEO-su, həmçinin Neuralink və infrastruktur firması The Boring-i idarə edən Mask “İşdən çıxıb blogger olmağı düşünürəm" deyib.