Ermənistanın Xarici İşlər Nazirliyi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılacağı ilə bağlı açıqlamasına münasibət bildirib.
XİN sözçüsü Vahan Unanyan deyib ki, Ermənistan Türkiyə ilə dialoqa başlamaq üçün xüsusi elçi təyin edəcək.
“Ermənistan həmişəki kimi Türkiyə ilə münasibətlərin normallaşması prosesinə ilkin şərtlər olmadan başlamağa hazırdır. Bu, hökumətin proqramında da öz əksini tapıb. Bu mənada, Türkiyə XİN başçısının münasibətlərin normallaşması üzrə xüsusi elçi təyin etməsini xoş qarşılayırıq”, - Ermənistan XİN-nin rəsmisi deyib.
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ötən gün parlamentdə çıxışı zamanı bildirib ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi elçi təyin edəcək. 1992-ci ildən sonra Ermənistan və Türkiyə arasında heç bir diplomatik əlaqə olmayıb. Buna səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olub. 2020-ci ilin sentyabr ayında başlayan döyüşlərdə Azərbaycan torpaqlarının böyük bir hissəsi işğaldan azad olunub. Bundan sonra Ermənistan-Türkiyə münasibətlərində yumuşalma meyilləri hiss olunub.