21 Dekabr 2021
Mətni dəyiş
Ukrayna hakimiyyəti keçmiş prezident Pyotr Poroşenkoya vətənə xəyanət ittihamı ilə istintaq başladıb. O, ölkənin şərqində hökumət qüvvələri ilə savaşan rusiyapərəst separatçıların maliyyələşdirilməsinə bağlılıqda suçlanır.
Dövlət İstintaq Bürosunun dekabrın 20-də bildirdiyinə görə, Poroşenko “vətənə xəyanət törətməkdə”, “terrorçu təşkilatların” fəaliyyətini dəstəkləməkdə şübhəli bilinir. “Terrorçu təşkilatlar” deyəndə ölkənin şərqi Donetsk və Luqansk regionlarına nəzarət edən separatçılar nəzərdə tutulur.
Bəyanatda deyilir ki, Poroşenko prezidentliyi dövründə separatçıların 2014-2015-ci illərdə Kiyevə 1.5 milyard qrivnalıq (54 milyon dollar) kömür satmasına kömək göstərib.
Hazırda deputat olan 56 yaşlı siyasətçi təqsirli bilinərsə 15 ilədək həbsə məhkum edilə bilər.
Keçmiş prezident bəyanata şərh verməyib. Amma onun Avropa Həmrəyliyi partiyasının aparıcı üzvü Oleksandr Turçinov ittihamın Prezident Vladimir Zelenskinin göstərişi ilə “quraşdırıldığını” bildirib.
Poroşenkonun partiyası onun ölkədən kənarda, planlaşdırılmış səfərdə olduğunu açıqlayıb.
Keçmiş prezidentə ittihamlar rusiyapərəst deputat Viktor Medvedçuka qarşı oxşar ittihamlarla bağlıdır. Sonuncu maydan ev dustaqlığındadır. Medvedçukun parlamentdə ikinci olan siyasi partiyası isə ittihamı rədd edir.
Zelenski 2019-cu il seçkisində Poroşenkonu məğlub edib.
2014-cü ilin aprelindən Ukraynanın şərqində gedən müharibə 13 min 200-dən çox insanın həyatına son qoyub.
Kiyev separatçı regionlarla ticarəti 2017-ci ildə dayandırıb. Separatçıların ölkənin əsas kömür mədənlərinin yerləşdiyi ərazini tutandan sonra Ukrayna kəskin resurs qıtlığı ilə üzləşib.