Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Yeni Klinika” Publik Hüquqi Şəxsin sabiq direktoru Pərviz Abbasov və digərlərinin - Qalib Nəcəfov, Vüsalə Əliyeva, Əvəz Hüseynov və Samir Mirzəyev cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, P.Abbasov 8 il 6 ay, “Buta” klinikasında həkim-radioloq işləmiş Q.Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Ə.Hüseynov və S.Mirzəyevin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə "Viola” MMC-nin meneceri V.Əliyevaya isə iki il sınaq müddəti təyin edərək şərti cəza verib.
Elan edilib ki, təqsirləndirilən V.Əliyeva 2 il, digərləri isə 3 il dövlət orqanlarında vəzifə tuta bilməzlər.
Prokuror P.Abbasova 10 il, Q.Nəcəfov, Ə.Hüseynov və S.Mirzəyevə 9 il azadlıqdan məhrumetmə, V.Əliyevaya isə şərti cəza verilməsini istəmişdi.
Xatırladaq ki, aparılan istintaq-əməliyyat tədbirləri ilə P.Abbasovun həmin vəzifədə işləyərkən Q.Nəcəfov, V.Əliyeva, Ə.Hüseynov və S.Mirzəyevin köməkliyi ilə COVID-19 xəstəliyindən əziyyət çəkən ayrı-ayrı şəxslərin stasionar qaydada müalicə olunmalarının təmin olunması məqsədilə rəhbərlik etdiyi tibb müəssisəsinə yerləşdirilməsi müqabilində onların yaxınlarından hər bir xəstə üçün 3000-4500 manat məbləğində pul vəsaiti alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında P.Abbasov və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə yekun ittiham elan edilib.