Apple bütün Mac, iPhone və iPad-lərə təsir edən və bu cihazların heç bir linkə daxil olmadan həklənməsinə imkan yaradan təhlükəsizlik boşluğunu aradan qaldırmaq üçün yeni əməliyyat sistemini yayımlayıb.
Bir müddət əvvəl müstəqil araşdırmaçılar telefon və planşetlərə iMessage vasitəsilə göndərilən PDF faylı ilə, istifadəçilər fayla daxil olmasa belə, cihazın ələ keçirilə biləcəyini müəyyən etmişdilər.
“Cihazların heç bir şeyə daxil olmadan ələ keçirilə biləcəyinə dair sübutlar görmüşdük, amma ilk dəfə bunun şəxsən şahidi olduq”, - Toronto Universitetindəki Citizen Lab-in araşdırmaçısı Bill Markzak deyib.
[caption id="attachment_108455" align="alignnone" width="2000"]
Citizen Lab-in araşdırmaçısı Bill Markzak[/caption]
Sözügedən təhlükəsizlik boşluğu kompüter, planşet və telefonlardan əlavə, Apple Watch-a da təsir edir.
Citizen Lab səudiyyəli bir aktivistin telefonunun ələ keçirilməsi üçün sözügedən boşluqdan istifadə edildiyini, bunun arxasında isə İsrail mərkəzli NSO Group şirkətinin olduğunu düşündüklərini söyləyib.
Reuters-ə açıqlama verən NSO Group hücumun arxasında olduğunu nə təsdiqləyib, nə də inkar edib.
NSO Group bildirib ki, “Dünya üzrə terrorçuluq və cinayətkarlıqla mübarizədə həyat xilas edən texnologiyaları kəşfiyyat və hüquq-mühafizə orqanlarına satmağa davam edəcək”.
Təhlükəsizlik mütəxəssisləri bunun çox təhlükəli bir boşluq olduğunu, amma sıravi istifadəçilərin narahatlığına səbəb olmadığını, bu cür hücumların adətən yüksək vəzifəli şəxsləri hədəf aldığını bildirir.
Bloq yazılarından birində bu boşluq haqda məlumat verən Apple iOS və iPadOS 14.8 yenilənməsi ilə problemin həll olunduğunu elan edib.
Yenilənmə bu gündən etibarən Apple cihazlarında aktivdir.
Apple şirkəti bu gün keçiriləcək tədbirdə yeni iPhone-larını da təqdim edəcək. Kompaniyanın AirPods və Apple Watch-ların da yeni modellərini tanıdacağı gözlənilir.
BBC-nin kiber təhlükəsizlik müxbiri Co Tidi bildirir ki, Apple-ın iMessage tətbiqi dünyanın ən təhlükəsiz yazışma sistemlərindən biri olsa da onun da təhlükəsizlik boşluğu var imiş.
[caption id="attachment_108456" align="alignnone" width="2048"]
BBC-nin kiber təhlükəsizlik müxbiri Co Tidi[/caption]
Bu xəbər cihazlarının təhlükəsiz olmasını reklam edən Apple üçün utancverici fakt olacaq.
Məsum şəxslərin həklənməsindən məsul olan NSO Group-un mənfi nüfuzu da artacaq.
Bu baş verənlər qərarlı bir haker qrupuna yaxşı pul ödədikdən sonra heç bir cihazın təhlükəsiz olmadığını göstərir.
Mütəxəssislər Apple istifadəçilərinə ilk fürsətdə cihazlarını yeniləmələri barədə çağırış edib.
Ancaq bir çox istifadə üçün belə bahalı və üstün istedad tələb edən hücumun hədəfi olma ehtimalı çox kiçikdir.