12 Yanvar 2022
Mətni dəyiş
2021-ci ildə Avropa İttifaqı (Aİ) sərhədlərinə qeyri-qanuni yollarla daxil olanların sayı 2020-ci ilə nisbətən 57 faiz artaraq 195 minə çatıb.
Aİ Sərhəd Təhlükəsizliyi Agentliyi “Frontex”-in məlumatlarına görə, səyahət məhdudiyyətlərinin yumşaldılması ilə Aİ ölkələrinə qeyri-qanuni girişlər Covid-19 pandemiyasından əvvəlki səviyyəni keçib.
Sərhədləri qanunsuz keçənlərin sayı 2020-ci illə müqayisədə ötən il 57 faiz, 2019-cu illə müqayisədə isə 36 faiz artıb.
Keçən il girişlər üçün ən çox istifadə edilən marşrut Mərkəzi Aralıq dənizi idi. Bu marşrutla 65 mindən çox insan Aİ ölkələrinə daxil olub. Mərkəzi Aralıq dənizindən girişlər 2020-ci ilə nisbətən 83 faiz artıb.
İkinci marşrut olan Qərbi Balkanlardan gələnlər 125 faiz artaraq 60 min 500-ə yüksəlib. Üçüncü yerdə Qərbi Afrikadan gələnlər 2,3 faiz azalaraq 22,5 min nəfərə düşüb.
Yunanıstana girişlər azalıb, Yunan Kipr Administrasiyasında artıb
Frontex-in rəqəmlərinə görə, Şərqi Aralıq dənizi marşrutundan Aİ-yə daxil olanların sayının artımı 0,5 faiz səviyyəsində qalıb. 2021-ci ildə bu yolla 20,300 nəfər Aİ-yə daxil olub.
Şərqi Aralıq dənizində qeyri-qanuni yollarla Yunanıstana daxil olduğu aşkarlananların sayı azalıb. Yunan Kipr Administrasiyasında bu rəqəm 2020-ci ilə nisbətən 123 faiz artaraq 10 min 400-ə çatıb. Yunan Kipr Administrasiyasına daxil olanların əhəmiyyətli hissəsinin afrikalı olduğu bildirilib.
Qərbi Aralıq dənizi bölgəsində isə gələnlər 6 faiz artaraq 18 mini keçib. Şərqi Avropadan, xüsusilə Belarusdan Aİ ölkələrinə girişlər 1000 faiz artıb. 2021-ci ildə Belarusdan qanunsuz daxil olanların sayı 8 minə yaxın olub.
Aİ sərhədlərinə ən çox qeyri-qanuni yollarla girənlər suriyalılar olub. Suriyalıları tunislilər, mərakeşlilər, əlcəzairlilər və əfqanlar izləyib.