13 Yanvar 2022
Mətni dəyiş
ABŞ-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Emili Horn Əfqanıstana 308 milyon dollarlıq humanitar yardım göndərəcəklərini açıqlayıb.
“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən təqdim olunacaq yeni humanitar yardım birbaşa müstəqil humanitar təşkilatlar vasitəsilə göndəriləcək. Bu yardım əfqanlara onların humanitar ehtiyaclarını ödəmək üçün həyat qurtarıcı rolu oynayacaq, Covid-19-un təsiri, səhiyyə xidmətlərinin çatışmazlığı, quraqlıq, qida çatışmazlığı və qış mövsümündə qoruma və sığınacaq, əsas sağlamlıq xidmətləri, qış yardımı, təcili ərzaq yardımı, su və gigiyenanı təmin edəcək”, Horn belə deyib.
ABŞ-ın bütün mümkün vasitələrdən istifadə edərək əfqan xalqına dəstəyini davam etdirəcəyini vurğulayan Horn Əfqanıstana daha 1 milyon doza Covid-19 peyvəndi göndərəcəklərini də sözlərinə əlavə edib.
Bu açıqlama ilə ABŞ-ın indiyədək Əfqanıstana göndərdiyi peyvəndin miqdarı 4,3 milyona, 2021-ci ilin oktyabr ayından bu yana göndərilən humanitar yardımın məbləği isə 782 milyon dollara çatıb.