7 Yanvar 2022
Mətni dəyiş
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays Qazaxıstanda etirazları yatırmaq üçün göndərilən rus əsgərləri ilə bağlı açıqlama verib.
“ABŞ və bütün dünya insan hüquqlarının mümkün pozulması hallarını yaxından izləyir. Bundan əlavə, Qazaxıstanda qurumların ələ keçirilməsinə zəmin yarada biləcək hər cür addımı diqqətdə saxlayırıq”, Prays deyib.
“Euronews”un xəbərinə görə, Qazaxıstan Prezidenti Tokayevin istəyi ilə cümə axşamı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkəyə minlərlə əsgər göndərib.
KTMT-nin Qazaxıstana hərbi dəstək göndərməsinə münasibət bildirən Ned Prays deyib ki, “sülhpərvər bir həllə dəstək məqsədilə insan haqlarına hörmətlə yanaşmağa çağırırıq. Qazaxıstan hökumətinin iqtisadi və siyasi problemlərin həlli üçün buna müsbət cavab verəcəyinə ümid edirik”.
Cümə axşamı ABŞ-ın xarici işlər naziri Entoni Blinken qazaxıstanlı həmkarı Muxtar Tileuberdi ilə ölkədəki vəziyyəti müzakirə edib.