Avropa İnsan Haqları Məhkəməsi 2021-ci il ərzində edilən şikayətlər və qərarların hesabatını yayıb. Təşkilatın yaydığı məlumata görə, 2021-ci ildə Azərbaycandan 425 şikayət göndərilib. Bu, 2020-ci ildə göndərilən ərizələrin sayından (525) azdır.
Bildirilir ki, məhkəmə ötən il ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Qərar sayına görə, Türkiyə (78) 4-cü, Azərbaycan isə AŞ ölkələri arasında Moldova, İtaliya, Bolqarıstan, Xorvatiyadan sonra 9-cu sıradadır.
2021-ci ildə mahiyyəti üzrə elan edilən qərarların sayı:
- Azərbaycan – 36
- Ermənistan – 16
- Gürcüstan – 13
İfadə azadlığı hüququ pozuntuları ilə bağlı qərarların sayı:
- Türkiyə – 31
- Rusiya – 19
- Azərbaycan – 6
Ümumilikdə, Avropa Məhkəməsi 2021-ci ildə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib.
Məhkəmənin 1959-cu ildən bu yana olan dövrü əhatə edən məlumatlarına görə, Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 251 qərar qəbul edilib. Onların 241-də iddia edilən pozuntular tanınıb.
İndiyədək Azərbaycanda ən çox pozulan hüquqlar:
- Ədalətli məhkəmə araşdırması – 119 iş;
- Azadlıq və toxunulmazlıq hüququ – 87 iş.
Seçki hüququ pozuntularının tanınması üzrə Azərbaycan Avropa Şurası məkanında birincidir.
Avropa Məhkəməsi Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb. Bu kateqoriyada 2-ci sırada 17 qərarla İtaliya, 3-cü sırada isə 12 qərarla Türkiyə yer alır.
Qeyd edilib ki, Azərbaycan həm də birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr sırasında öndə gəlir.
Birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr:
- Türkiyə – 111 iş;
- Rusiya – 79 iş;
- Azərbaycan – 41 iş.
Məhkəmənin hesabatında qeyd edilib ki, 1 il ərzində Azərbaycanla bağlı müəyyən edilən təzminatın ümumi məbləği 2 milyon avroya yaxındır. Bu, indiyə qədər Azərbaycanla bağlı ən yüksək məbləğdir.
2020-ci ildə təzminat məbləği 803 min avro təşkil edib. 2021-ci ilə qədər Azərbaycanla bağlı illik ən yüksək təzminat məbləğ isə 2017-ci ildə 817 min avro olmuşdu.