Ələsgər Məmmədli: “Yeni qanun layihəsi hazırlayacağıq”
"'Media haqqında' Qanun layihəsi nə özü işləyəcək, nə də jurnalistləri işləməyə qoyacaq. Çünki sənəddə bir sıra maddələr var ki, öz aralarında ziddiyyət təşkil edir. Həm də qanun Konstitusiya və Azərbaycanın üzərinə götürdüyü öhdəliklərə ziddir. Bir çox maddə o qədər mücərrəddir ki, onları tətbiq etmək mümkün deyil".
"Nə özü işləyəcək, nə də jurnalistləri işləməyə qoyacaq"
"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev dekabrın 30-da Milli Məclisdə üçüncü oxunuşda qəbul edilən "Media haqqında" qanun layihəsini Meydan TV-yə şərh edərkən belə deyib.
[caption id="attachment_112764" align="aligncenter" width="1200"] Arif Əliyev[/caption]Arif Əliyev layihə ilə bağlı dövlət başçısına müraciət edəcəklərini söyləyib: "Ancaq qanun layihəsini bir daha öyrənmək lazımdır ki, təkliflərimizdən hansılar qəbul olunub, hansılar yox. Hərçənd təkliflərimizin nəzərə alınmasına o qədər də böyük ümid yoxdur. Çünki təkliflərimiz sırasında konseptual məsələlər var. Onları iki gündə öyrənmək və həyata keçirmək mümkün deyildi. Odur ki, Prezidentə müraciət hələ qüvvəsində qalır, çünki qanun layihəsinin qəbulu hələ onun qüvvəyə minməsi demək deyil".
"Jurnalistlərin problemlərini Avropa Məhkəməsinə daşıyacağıq"
Hüquqşünas Ələsgər Məmmədli deyib ki, onların təklifləri sırasında yalnız iki xırda məqam nəzərə alınıb:
“Birincisi, bütün platforma yayımçıları yox, peyk yayımına çıxan platforma yayımçılarının lisenziyalaşdırılması haqda təklifimiz qəbul edildi, müəyyən mənada müsbət addımdır. İkincisi, “faktlar obyektiv şərh olunmalıdır” ifadəsinin “təqdim olunmalıdır” şəklində dəyişilməsini təklif etmişdik, o da qəbul olundu. Amma jurnalistlərin vahid reyestrinin aparlması, onlara qoyulan məhdudiyyətlər, o cümlədən medianın təsisçiliyi, elektron medianı tənzimləyən qurumun standartları kimi problemlər qaldı. 40-a qədər təklifimizin əksəriyyəti nəzərə alınmadı. Beləliklə, qanun hökumətin təqdim etdiyi formada qəbul olundu”.
[caption id="attachment_47319" align="aligncenter" width="800"] Ələsgər Məmmədli[/caption]Ələsgər Məmmədli hesab edir ki, qanun jurnalistlərin fəaliyyətinə ciddi maneələr yaradacaq:
“Həmin maneələr hökumətin özünün aradan qaldırması mümkün olmayan maneələrdir. Məsələn, BBC-Azərbaycan xidmətinin bundan sonrakı fəaliyyəti necə olacaq? Bu, qeyri-müəyyəndir. Çünki qanunda xarici dövlətlərdən maliyyələşən media haqqında bənd var. Bu radionu isə Böyük Britaniya maliyyələşdirir. Bu, o deməkdir ki, həmin radio Azərbaycanda media kimi fəaliyyət göstərə bilməz”.
Bundan sonrakı addımlara gəlincə, hüquqşünas deyib ki, onlar qanunvericilik aspektindən medianın hüquqi tənzimlənməsinin necə olması barədə nümunə hazırlayacaqlar:
“Başqaları düşünməsin ki, biz yalnız tənqid edib, ortaya bir şey qoymadıq. Konkret yeni qanun layihəsi hazırlayacağıq. Bəlkə, dövlət başçısı veto qoyacaq. Çünki “İctimai televiziya yayımı haqqında” Qanunla bağlı belə bir hadisə olub. İkinci önəmli məqam jurnalistlərin qarşılaşdığı problemləri məhkəmə müstəvisinə daşıyıb Avropa Məhkəməsinə çıxaracağıq. Təbii ki, reyestrin hazırlanması 6 ay çəkəcək. Ondan sonra sistemli şəkildə müraciətlər hazırlanıb, Avropa Məhkəməsinin yuridiksiyasından keçirib qanunun keyfiyyətsizliyi ilə bağlı qərar çıxarılmalıdır”.
“Çox tələsdilər”
Osman Gündüz qanunun belə sürətlə üçüncü oxunuşdan keçməsini “tələsik addım” sayır: “Çox tələsdilər. Cəmiyyətin bütün tərəflərinin maraq dairəsində olan qanunla bağlı daha geniş və zaman alan müzakirələr aparılmalıydı”.
“”İnformasiya əldə olunması haqqında” Qanun 3-4 il müzakirə ediləndən sonra normal şəkildə qəbul olundu, hətta sənədin bir variantı ikinci oxunuşdan geri qaytarılmışdı. Məsələ ondadır ki, “Media haqqında” Qanun layihəsi ilkin dövrlərdə qapalı müzakirə olundu, 7-8 ay sonra ortaya çıxarıldı və cəmi 1 aya qəbul edildi”, – belə deyib.
Osman Gündüz təkliflərinin hansının qəbul olunub-olunmamasından məlumatsızdır:
“Yəqin, müzakirə aparıb təkliflərimizə hansı səviyyədə diqqət yetirdiyini öyrənəcəyik. Mən dekabrın 29-da əlavə kompromis təkliflər də verdim. Könüllü qeyddiyyat institutunun yaradılmasını irəli sürdüm, yəni məcburi lisenziyalaşma yox, könüllü qeydiyyat. İkinci narahatlıq doğuran məqam telekommunikasiya müstəvisini KİV müstəvisinə gətirmələridir. Halbuki bu məsələ başqa qanunla tənzimlənir. Biz bir daha toplaşıb müzakirələr aparıb ortaq məxrəcə gələcəyik”.
[caption id="attachment_112765" align="aligncenter" width="1200"] Mehman Əliyev və Osman Gündüz (sağda)[/caption]“İşləyəcəyik”
“Turan” İA-nin direktoru Mehman Əliyev deyib ki, layihə dərc olunandan sonra hansı təkliflərinin qəbul edilib-edilməməsi barədə fikir bildirə bilər.
O hesab edir ki, konseptual dəyişikliklər olmayacaq:
“Çünki müzakirələr zamanı gördük ki, layihədə ciddi dəyişiklik etmək istəyi yoxdur. Əslində, hökumət, Milli Məclis üzvləri qanunda xeyli qüsurların olduğunu başa düşür”.
M.Əliyev “bundan sonra hansı addım atacaqsınız?” sualına belə cavab verib: “İşləyəcəyik”.
Qanun layihəsi dekabrın 14-də Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşdan keçib.
Bu gün – dekabrın 30-da üçüncü oxunuşda da təsdilənib.
Azərbaycanın onlarla jurnalisti, hüquqşünası, media eksperti və təşkilatı layihənin Milli Məclisdə müzakirəsini dayandırmağı əks etdirən müraciət yayıb.
Hətta vətəndaş cəmiyyəti nümayəndələri layihənin Milli Məclisdə müzakirəsinin dayandırması haqqında çağırış da ediblər.
“Media haqqında” qanun layihəsi 9 fəsil, 78 maddədən ibarətdir.
Qanun qüvvəyə mindiyi gündən “Kütləvi informasiya vasitələri haqqında” və “Televiziya və radio yayımı haqqında” qanunlar qüvvədən düşəcək.