22 Yanvar 2022
Mətni dəyiş
Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət üçün nəzərdə tutulan müddət 4 aya endirilib. Əvvəllər bu müddət 6 ay idi.
Dəyişiklik Avropa İnsan Haqları Konvensiyasına edilib və yeni qayda fevralın 1-dən qüvvəyə minir.
Bildirilir ki, yeni qayda yalnız yekun milli məhkəmə qərarlarının 1 fevral 2022-ci il tarixində və ya ondan sonrakı tarixlərdə verilməsi hallarına şamil olunur.
Avropa İnsan Haqları Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 Saylı Protokol 2021-ci il avqustun 1-də qüvvəyə minib.
Bu Protokol Konvensiyanın Preambulasının subsidiarlıq (köməkçi) prinsipi və mülahizə sərbəstliyi doktirinası ilə əlaqəli müddəalarına dəyişiklikləri nəzərdə tutur.
15 Saylı Protokol həmçinin, Avropa Konvensiyasına aşağıdakı dəyişikliklərin edilməsini nəzərdə tutur:
– “əhəmiyyətli zərərin olmaması” qəbuledilənlik meyarı ilə bağlı, ikinci şərt, yəni ölkədaxili məhkəmə tərəfindən lazımi qaydada baxılmamış bir işin rədd edilməməsi şərti (35.3b)
– dəyişdirilib və bu müddəa silinib;
– bundan sonra Tərəflər Məhkəmənin hansısa palatasının işdən Böyük Palatanın xeyrinə imtina etməsinə etiraz edə bilməyəcəklər;
– məhkəmə hakimliyinə namizədlərin yaşı, üç namizədin siyahısının Parlament Assambleyası tərəfindən tələb edildiyi tarixdə, 65 yaşdan aşağı olmalıdır.
15 Saylı Protokol 2013-cü ildə qəbul edilib.
Avropa Şurasının bütün üzv dövlətləri protokolu ratifikasiya edib.
Vəkil Fariz Namazlı deyir ki, fevralın 1-dən sonra ölkədaxili qəbul edilən məhkəmə qərarından 4 ay ərzində AİHM-nə şikayət verməli olacaqlar.
Onun sözlərinə görə, vaxtın azalması işləri sürətli görməyin lazım olduğundan xəbər verir: “Yəni, sadəcə, azca tələsmək lazım gələcək. Başqa mənfi təsiri yoxdur. Sadəcə şikayəti 4 aya yazıb göndərmək lazım olacaq, vəssəlam”.
Vəkil deyib ki, iş çox olanda çatdırmaq çətin olur:
“Həm də AİHM-nə şikayət yazmaq çox vaxt aparır, xüsusən sənədlər çox olanda, onlarla tanış olursan, şikayəti yazırsan və s. Odur ki, vaxtın azalması bəzi işlərdə çətinlik yarada bilər”.